...

Azərbaycanlı deputat Türkiyə-Ermənistan arasında protokolların imzalanması ilə bağlı mövqeyini çatdırıb

Siyasət Materials 12 Oktyabr 2009 11:02 (UTC +04:00)
Deputat Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini 15 ildən artıqdır ki, işğal altında saxladığını, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün uzun illərdir öz yurd-yuvasına, ev-eşiyinə dönə bilmədiyini vurğulayıb. Millət vəkili xatırladıb ki, Türkiyə dövləti Ermənistanla sərhədini də məhz Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə etiraz olaraq Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra bağlayıb və rəsmi Ankara uzun illər ərzində bəyan edib ki, Azərbaycan torpaqları işğaldan azad edilmədən Ermənistanla sərhədlər açılmayacaq və heç bir əlaqələr qurulmayacaq.
Azərbaycanlı deputat Türkiyə-Ermənistan arasında protokolların imzalanması ilə bağlı mövqeyini çatdırıb

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin (Milli Məclis) deputatı Qənirə Paşayeva Türkiyənin nüfuzlu STAR televiziyasında Türkiyə-Ermənistan arasında protokolların imzalanması ilə bağlı televiziya müzakirələrinə qatılaraq Azərbaycanın mövqeyini çatdırıb.

Deputat Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini 15 ildən artıqdır ki, işğal altında saxladığını ,bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün uzun illərdir öz yurd-yuvasına, ev-eşiyinə dönə bilmədiyini vurğulayıb. Millət vəkili xatırladıb ki, Türkiyə dövləti Ermənistanla sərhəddini də məhz Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə etiraz olaraq Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra bağlayıb və rəsmi Ankara uzun illər ərzində bəyan edib ki, Azərbaycan torpaqları işğaldan azad edilmədən Ermənistanla sərhədlər açılmayacaq və heç bir əlaqələr qurulmayacaq.

Paşayeva Türkiyə rəsmilərinin Bakıda, Ermənistan Azərbaycan ərazilərini işğaldan azad etmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağı və əlaqələrin qurulmayacağına dair verdiyi açıqlamaları xatırladaraq deyib ki, Azərbaycan xalqı gələcəkdə də Türkiyənin bu mövqeyini davam etdirəcəyini gözləyir.

"Biz ümid edirik ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyənə qədər Türkiyə Böyük Millət Məslisi həmin protokolları təsdiqləməyəcək və bununla da o protokollar qüvvəyə minməyəcək", - deputat əlavə edib. O, oktyabrın 9-da Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüş və həmin görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin görüşün nəticəsiz başa çatmasına və Türkiyə-Ermənistan arasında imzalanan protokollara dair verdiyi açıqlama ilə bağlı sualları da cavablandırıb. Millət vəkili deyib ki, görüşlərin nəticəsiz başa çatmasının yeganə səbəbkarı Ermənistandır.

Çünki bu ölkə Azərbaycan ərazilərini bu gün də işğaldan azad etməkdən imtina edir. Paşayeva onu da vurğulayıb ki, Türkiyə-Ermənistan münasibətlərinin qurulmasını, sərhədlərin açılmasını istəyən bəzi xarici qüvvələr tərəfindən belə fikirlər səslənir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin asılması Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərə bilər. Bunun yanlış fikir olduğunu deyən millət vəkili deyib ki, əgər Azərbaycan torpaqları işğaldan azad edilmədən Türkiyə-Ermənistan münasibətləri qurularsa və sərhədlər açılarsa, Ermənistan Prezidenti bunu öz uğuru kimi təqdim edərək işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilmə məsələsində daha radikal mövqe tuta bilər. Millət vəkili Prezident İlham Əliyevin "danışıqlar prosesində rastlaşdığımız hadisələr bunu demək üçün kifayət qədər əsas verir" açıqlamasını xatırladıb.

Millət vəkili deyib ki, Türkiyə-Ermənistan protokollarının imzalanması mərasimində iştirak edən və bu protokolların reallaşması üçün dəridən-qabıqdan çıxan 3 ölkə ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ATƏT-in Minsk Qrupunun həmsədrləridir, amma çox təəssüf ki, onlar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxması üçün ciddi addımlar atmırlar.

Paşayeva bu mövzunun Azərbaycan üçün çox həssas bir məsələ olduğunu vurğulayaraq deyib ki, Azərbaycan torpaqları işğaldan azad edilmədən Türkiyə-Ermənistan sərhədləri açılarsa, bu, Azərbaycanın milli maraqlarına zidd olacaq və Azərbaycan xalqı Türkiyə Böyük Millət Məclisindən Ermənistan Azərbaycan ərazilərini işğaldan azad etmədən Türkiyə-Ermənistan protokollarını təsdiqləməyəcəklərini gözləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti