Azərbaycanla İsveçrə arasında problem yoxdur, oktyabrın 19 İsveçrə Prezidenti Hans-Rudolf Merts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Berndə birgə keçirdiyi mətbuat konfransında deyib, çərşənbə axşamı AzərTac dövlət informasiya agentliyinin məlumatında deyilir.
"Ölkələr arasında problem yoxdur. Bizim aramızda dostluq mövcuddur. Görüşlərimizi məhz bu ruhda keçirdik və ölkələrimiz arasında əlaqələri bu istiqamətdə də davam etdirmək niyyətindəyik", - o deyib.
İsveçrə Prezidentinin sözlərinə görə, iki ölkə arasında çox oxşarlıqlar var.
"İki ölkə arasında çox oxşarlıqlar var. Birincisi, onlar müxtəlif mentalitetlərin və dillərin kəsişdiyi Şərqlə Qərbin kəsişməsində yerləşirlər. Hər iki ölkə siyasi və iqtisadi sahələrdə azadlıq və stabillik üçün mübarizə aparır. Bunu nəzərə alaraq biz sıx əlaqələr qurmuşuq. Azərbaycan müstəqillik qazandıqdan sonra biz bu əlaqələri daha da möhkəmləndirmişik. İsveçrə kimi Azərbaycan da heç bir hərbi təşkilat və ya birlikdə iştirak etmir. Digər tərəfdən, bizim ölkələrimiz beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər, xüsusilə də Beynəlxalq Valyuta Fondunda", - o deyib.
İsveçrə Prezidenti iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıb.
"Biz bir sıra məsələləri müzakirə etdik. Mövcud əlaqələrimizi nəzərə alaraq, biz münasibətlərimizi daha da möhkəmlətməli və dərinləşdirməliyik. Bizim üçün iqtisadi əlaqələrimizin inkişafı vacibdir. Məsələn, biz enerji sahəsində əməkdaşlıq edirik. Miqrasiya sahəsində danışıqlar davam etdirilir", - Hans-Rudolf Merç deyib.