Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir M.Əliyev/
Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) telelkanalların sol siyasi qüvvələrin fəaliyyətinə biganə qalmasından narahatdır.
"Digər qüvvələr kimi Azərbaycanın sol partiyalarının da ölkədə baş verən siyasi, iqtisadi, sosial hadisələrə öz baxışı var. Lakin yerli televiziyalar və radiolar AXSP-nin tədbirlərinə məhəl qoymur", - AXSP sədri Rövşən Hüseynov cümə axşamı jurnalistlərə deyib.
Onun sözlərinə görə, partiya yaxın zamanlarda öz İnternet saytını istifadəyə verməyi planlaşdırır. Bu saytda partiyanın fəaliyyətini işıqlandıracaq videobloklar da yer alacaq.
"Siyasi partiyalar ictimaiyyətlə əlaqələri dəstəkləməlidir. Əgər yerli kanallar bizə belə imkan yaratmasalar, biz alternativ tədbirlər görməyə məcbur olacağıq", - Hüseynov deyib.
Azərbaycan Xalq Sosialist Partiyası ötən il oktyabr ayında təsis edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]