Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir Ü.Sadıxova/
Dinlərarası dialoq xüsusilə də ABŞ-da 11 sentyabrda baş verən terror aktı nəticəsində Qərb dünyasında İslama dair yanlış fikirlərin yayılmasından sonra çox vacibdir. Bu barədə İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu mətbuat-brifinqində deyib.
Onun sözlərinə görə, konkret məqsədlərə nail olmaq üçün dinlərarası dialoqun aparılması çox vacibdir və bunun üçün tədbirlər planı hazırlanmalıdır. "Dialoq teoloji xarakter daşımamalı və xalqlar səviyyəsində aparılmalıdır", - İhsanoğlu deyib.
Onun sözlərinə görə, sivilizasiyalararası dialoqda insan haqlarına riayət və digər xalqlara və dinlərə hörmət çox mühüm əhəmiyyət kəsb edir.
Çərşənbə günü Bakıda İslam Konfransı Təşkilatının və Azərbaycan Diplomatik Akademiyasının "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" adlı beynəlxalq elmi konfransı öz işinə başlayıb.
Konfransda 41 ölkədən və 3 beynəlxalq təşkilatdan 200-ə yaxın elm xadimi, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edir.
Konfransda dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi, dinlərarası dialoqun qarşılaşdığı problemlər və İslam geosiyasəti kimi mövzular üzrə elmi müzakirələr aparılacaq.
Konfransın ikinci günü xaricdən gələn qonaqların iştirakı ilə ənənəvi "Etiqadlararası dialoqa dair" mövzulu televiziya ictimai forumu keçiriləcək.
"İKT-yə üzv ölkələr arasında mal dövriyyəsi artıb", - İhsanoğlu deyib. İKT yeganə təşkilatdır ki, onun üzvləri Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində yekdilliklə dəstəkləyir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]