...

Azərbaycanın müxalifət partiyasının lideri parlament seçkilərində uğur qazanacaqlarına inanmır

Siyasət Materials 8 Yanvar 2010 13:21 (UTC +04:00)
"Mən yalançı ümidlər vermək istəmirəm, ona görə ki, hər şey cəmiyyətin nə dərəcədə fəal olmasından asılıdır", - cümə günü Trend News-a Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva bildirib.
Azərbaycanın müxalifət partiyasının lideri parlament seçkilərində uğur qazanacaqlarına inanmır

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının lideri parlament seçkilərində uğur qazanacaqlarına inanmır.

"Mən yalançı ümidlər vermək istəmirəm, ona görə ki, hər şey cəmiyyətin nə dərəcədə fəal olmasından asılıdır", - cümə günü Trend -a Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinın 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Hacıyevanın sözlərinə görə, seçkilərdə uğur qazanmaq artıq müxalifətin nə qədər fəal olub-olmamasından da asılı deyil.

"Çünki seçki prosesində bütün millət iştirak etməlidir. Son illərin təcrübəsi göstərir ki, seçicilər bu prosesdə o qədər də fəallıq nümayiş etdirmirlər", - partiya lideri əlavə edib.

Müxalifətin seçkilərdə iştirakı məsələsinə gəldikdə, Hacıyeva deyib ki, demokratik qüvvələrin üzləşdiyi bu ağır durumda bütün müxalifət bir cəbhədə birləşməlidir.

"Bu niyyətimiz isə yalnız müxalifət partiyaları arasındakı ayrıseçkiliyə son qoyulmaqla reallaşa bilər. Partiyaların balaca, böyük olması iddialarını kənara qoymaq lazımdır", - Hacıyeva vurğulayıb.

Onun fikrincə, əgər həqiqətən bütün müxalifət qüvvələri bir cəbhədə birləşə bilsələr, o zaman hansısa müsbət nəticə əldə etmək mümkündür.

"Mən həmişə birlik tərəfdarı olmuşam. İstərdim ki, müxalifət nəhayət vəziyyətinin çox ciddi olduğunu başa düşsün və bütün iddiaları kənara qoyub vahid qüvvə kimi seçkilərdə iştirak etsin. Bu zaman bəlkə hansısa nəticə əldə edə bilərik", - ALP lideri qeyd edib.

Hacıyeva deyib ki, əgər müxalifət yenə bir neçə blokla seçkilərə gedərsə, o zaman uğur qazanacağına ümid etmək olmaz. "Biz "Azadlıq" bloku çərçivəsində fəaliyyət göstəririk. Şübhəsiz ki, həmin blok da parlament seçkilərində iştirak edəcək", - o xatırladıb.

ALP sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə 1996-cı ildə yaradılıb. Lalə Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədridir. O, müxalifətçi Liberal Partiyasının da qurucusu və lideridir.

Lalə Şövkət 1993-cü ilin iyulundan 1994-cü ilin yazınadək dövlət katibi olub. 1995-ci ildə Azərbaycan Liberal Partiyasını yaradıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti