...

Azərbaycan Prezidenti 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışında iştirak edib (YENİLƏNİB)

Siyasət Materials 20 Yanvar 2010 15:21 (UTC +04:00)
Yanvarın 20-də Prezident İlham Əliyev Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsənbəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışında iştirak etmişdir.
Azərbaycan Prezidenti 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışında iştirak edib (YENİLƏNİB)

Yanvarın 20-də Prezident İlham Əliyev Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində, Həsənbəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışında iştirak etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı abidənin üzərindən örtüyü götürdü.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.

Məlumat verildi ki, metronun "20 Yanvar" stansiyasının üzərindəki dairədə xatirə kompleksinin inşasına ötən ilin oktyabrında başlanılmışdır. Memorial kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Kompleksin divarı Afrika və Ukraynadan gətirilmiş qranit plitə ilə üzlənmişdir. Abidənin ətrafındakı meydana da qranit plitə döşənmişdir. Layihəyə əsasən, abidənin arxa hissəsindəki park abadlaşdırılmış, kompleksin qarşısında müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılmışdır. Kompleksin memarı Ədalət Məmmədov, abidənin heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.

Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk olunmuşdur. Postament üzərində isə "20 Yanvar şəhidlərinin əziz xatirəsinə" sözləri yazılmışdır.

Prezident İlham Əliyev açılış mərasiminə toplaşmış Yasamal rayonu ictimaiyyətinin nümayəndələri və 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb söhbət etdi.

Xəbər lenti

Xəbər lenti