Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir Ü.Sadıxova/
ABŞ-ın Azərbaycanda səfirinin təyin olunmasının təxirə salınması üçün xüsusi bir səbəb yoxdur və səfirlik səfiri Bakıda görməyə ümidlidir. Bunu ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Donald Lu Bakıda jurnalistlərə deyib.
"Ayın əvvəlində Vaşinqtonda olmuşam və yeni səfirin təyin edilməsi ilə bağlı bir çox insanla danışmışam. Biz səfiri tezliklə görmək istərdik. ABŞ-da bu proses xeyli vaxt aparır və bununla bağlı yalnız prezident qərar qəbul edə bilər", - Lu deyib.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə Lu deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən amerikalı həmsədr hazırda daha çox fəallıq göstərir.
"İndi Azərbaycan və Ermənistan prezidentləri, həmçinin ATƏT-in Minsk qrupu həmsədrləri arasında fəallıq dövrüdür. Mən ümidvaram ki, bu fəallıq davam edəcək", - Lu deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.