...

Azərbaycan Parlamentinin deputatları ABŞ Dövlət Departamentinin hesabatını təzyiq vasitəsi hesab edirlər

Siyasət Materials 12 Mart 2010 14:30 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatları hesab edirlər ki, ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı hesabatı ölkəmizə göstərilən təzyiq vasitələrindən biridir.
Azərbaycan Parlamentinin deputatları ABŞ Dövlət Departamentinin hesabatını təzyiq vasitəsi hesab edirlər

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatları hesab edirlər ki, ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı hesabatı ölkəmizə göstərilən təzyiq vasitələrindən biridir.

"Mən ABŞ kimi demokratik imicli, obyektiv siyasəti olan bir ölkənin belə bir hesabat yaymasına təəssüf edirəm", - cümə günü Trend -a hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

ABŞ Dövlət Departamenti 2009-cu il üçün Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatını yayıb. Hesabata görə, 2008-ci ilin prezident seçkiləri, 2009-cu ilin referendumu və bələdiyyə seçkilərində vətəndaşların öz hakimiyyətlərini dinc şəkildə dəyişmək hüququ məhdudlaşdırılıb.

Mirzəzadənin sözlərinə görə, ABŞ xarici siyasət idarəsinin belə qeyri-obyektiv hesabat hazırlamasında bu ölkənin Azərbaycandakı səfirliyinin də rolu var: "Sanki bu ölkənin səfirliyi Azərbaycanın içərisində işləmir. Bundan başqa, hesabatda həm də Azərbaycan hökumətinə qarşı radikal müxalifətdə olan bir partiyanın şüarlarının əsas kimi götürüldüyü hiss edilir. Obyektivlik, məsələni hərtərəfli öyrənmək, Azərbaycandakı real vəziyyətin dəyərləndirilməsi qətiyyən hiss edilmir", - millət vəkili əlavə edib.

Onun fikrincə, bu hesabat ABŞ hökumətinin, bu ölkənin Azərbaycandakı səfirliyinin ABŞ rəsmilərinə vaxtaşırı Azərbaycanla bağlı verdikləri bəyanatlarla da tamamilə əkslik təşkil edir: "Bir qayda olaraq, Azərbaycanla bağlı ABŞ rəsmilərinin, səfirliyin verdiyi bəyanatlarda ölkəmizdə demokratik inkişafın olduğu, beynəlxalq aləmlə inteqrasiyanın bütün elementlərinin gözlənildiyi vurğulanır. Bu hesabat isə həmin bəyanatların heç birinə uyğun gəlmir, digər tərəfdən, belə bir təəssürat yaranır ki, hesabat qərəzlidir, məqsədəuyğun şəkildə rənglər tündləşdirilib və Azərbaycan çox geridə qalmış, hətta demokratiya sözünün özü yasaq edilən bir ölkə kimi təqdim olunur", - Mirzəzadə vurğulayıb.

"ABŞ Dövlət Departamentinin hesabatındakı bəzi nöqsanlar Azərbaycanda mövcuddur, amma bir qədər şişirdilib", - cümə günü Trend -a Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, insan haqları sahəsində mövcud olan problemlərin həlli istiqamətində addımlar atmaq lazımdır.

Mustafa deyib ki, ABŞ-ın bu faktlardan təzyiq vasitəsi kimi istifadə etməməsi üçün hakimiyyət orqanları ciddi addımlar atmalı və bu imici dəyişməyə çalışmalıdırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti