...

Erməni xalqı xarici ölkələrdəki erməni diasporlarının siyasi ambisiyalarının girovuna çevrilib - Azərbaycan Parlamentinin spikeri

Siyasət Materials 15 Mart 2010 17:41 (UTC +04:00)
Parlamentin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının sədri Joao Suareşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Erməni xalqı xarici ölkələrdəki erməni diasporlarının siyasi ambisiyalarının girovuna çevrilib - Azərbaycan Parlamentinin spikeri

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin sədri bəyan edib ki, erməni xalqı xarici ölkələrdəki erməni diasporlarının siyasi ambisiyalarının girovuna çevrilib.

"Azərbaycan dünyanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən ATƏT PA ilə əlaqələrin inkişafını önəmli hesab edir. Bu gün demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayan ölkəmiz təşkilatın müxtəlif strukturları ilə əməkdaşlığı günbəgün genişləndirir. Azərbaycan nümayəndə heyətinin üzvləri ATƏT PA-nın tədbirlərində fəal iştirak edirlər və biz bu fəaliyyəti təqdirəlayiq hesab edirik. BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum qətnamə və qərarlarına məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir", - Trend -un məlumatına görə, bunu spiker Oqtay Əsədov ATƏT Parlament Assambleyasının sədri Joao Suareşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. Məlumatı Milli Məclisin mətbuat xidməti yayıb.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Parlamentin sədri Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi mövqeyini diqqətə çatdıraraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyi sistemindəki rolundan söz açıb. "Bildirilib ki, regiondakı həll olunmamış münaqişələr bölgənin Avropa strukturlarına inteqrasiyasına və inkişafa mane olmaqla yanaşı, Cənubi Qafqazın təhlükəsizliyini daim təhdid edir. 2008-ci ilin avqustunda regionda baş vermiş hadisələri xatırlayan spiker bu cür münaqişələrin həllinin yubanmasının necə təhlükəli nəticələrə gətirib çıxara biləcəyini xatırladıb", - məlumatda vurğulanır.

Parlament sədrinin fikrincə, bu məsələdə Avropa artıq öz seçimini etməlidir. "Ya bölgədə inkişafı, tərəqqini seçməli, ya da erməni lobbisinin uydurmalarını "dinləməlidir". 20 ildir ki, Dağlıq Qarabağda Azərbaycana məxsus mədəniyyət abidələri, klublar, kitabxanalar yerlə yeksan edilir, dünya birliyi isə müəmmalı şəkildə bu hallara göz yumur. Problemin həlli ilə artıq 18 ildir ATƏT-in Minsk qrupunun məşğul olmasına baxmayaraq, çox təəssüf ki, real nəticə hələ ki yoxdur. Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdarıq", - Əsədov əlavə edib.

Spiker qeyd edib ki, Azərbaycan tərəfi bu mövqeyini dəfələrlə bəyan etməsinə baxmayaraq, Ermənistan qonşu dövlətin ərazisini işğaldan azad etmək istəmir. "Belə olan halda, təbii ki, Azərbaycan tərəfi mümkün olan bütün vasitələrdən istifadə edərək, ərazi bütövlüyünü təmin etmək hüququnu özündə saxlayır. Ancaq biz inanırıq ki, ATƏT-in Minsk qrupunun və beynəlxalq birliyin səyi nəticəsində problem sülh yolu ilə tezliklə öz ədalətli həllini tapacaq", - Əsədov vurğulayıb.

Suareş qeyd edib ki, təmsil etdiyi təşkilat Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

O, Azərbaycan parlament nümayəndə heyətinin ATƏT PA-dakı fəaliyyətini yüksək dəyərləndirərək, qurumda Milli Məclis təmsilçilərinin böyük peşəkarlıq nümayiş etdirdiklərini vurğulayıb.

ATƏT PA-nın rəhbəri Cənubi Qafqaz bölgəsinə səfəri zamanı vəziyyətlə yaxından tanış olduğunu və bölgədəki problemlərin həlli üçün qurum çərçivəsində səylərini artıracağını Əsədovun diqqətinə çatdırıb. Bildirilib ki, mövcud münaqişələrin tezliklə həlli bölgənin təhlükəsizliyi və inkişafı baxımından günün tələbidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti