...

Azərbaycan Prezidenti "Araz" zavodunun açılışında iştirak edib

Siyasət Materials 1 Aprel 2010 16:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Müdafiə Sənayesi Nazirliyinin Aqreqat İstehsalat Birliyinin Şirvan şəhərindəki "Araz" zavodunun açılışında iştirak edib.
Azərbaycan Prezidenti "Araz" zavodunun açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Müdafiə Sənayesi Nazirliyinin Aqreqat İstehsalat Birliyinin Şirvan şəhərindəki "Araz" zavodunun açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev zavodun həyətində ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyub.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsib, zavodla tanış olub.

Prezident İlham Əliyev zavodun əvvəlki görünüşünü əks etdirən videofilmə və müəssisənin baş planına baxıb.

Sonra dövlətimizin başçısı müəssisədə yaradılan Heydər Əliyev muzeyi ilə tanış olub. Muzeydə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə tikilən zavod və müəssisələrin açılışlarını əks etdirən fotolar yer alıb. Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işləri əks etdirən fotolar da Heydər Əliyev muzeyində sərgilənib.

Dövlətimizin başçısı müəssisədə istehsal olunan mülki və hərbi təyinatlı məhsullardan ibarət sərgiyə də baxıb.

Məlumat verilib ki, 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyi yaranandan sonra zavodda əsaslı surətdə yenidənqurma işlərinə başlanılıb. Zavodun ərazisi genişləndirilərək 174 hektara çatdırılıb. Bütün istehsal sexləri və sahələri, eləcə də inzibati bina əsaslı surətdə yenidən qurulub, xüsusi təyinatlı məhsul istehsal etmək üçün 2 min kvadratmetr sahəsi olan 2 sex, yeməkxana istifadəyə verilib. Zavodda 2009-cu ildə 2 növ xüsusi təyinatlı yeni məhsul buraxılışına başlanıb. Buraxılan məhsullar sınaqdan uğurla çıxıb.

Zavodun ərazisində 5000-dən artıq həmişəyaşıl ağac əkilib. Hazırda işçilərin sayı 70 nəfərdir.

Müəssisəsinin ərazisində xüsusi təyinatlı 7-ci sahənin tikinti-quraşdırma işləri başa çatmaq üzrədir.

Hazırda 6-cı sahənin tikinti-quraşdırma işləri başlanılıb və 2010-cu ilin sonunadək istifadəyə veriləcək. Həmin istehsal sahələri istifadəyə verildikdən sonra yüzlərlə şəhər sakini daimi işlə təmin ediləcək. Yaxın gələcəkdə istehsal sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti