Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/
Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsində Kopenhagen kriteriyaları əsas götürülməlidir. Bu fikirləri Fransadakı Türk Tələbələri Konqresi tərəfindən Strasburqda təşkil edilən "Avropa İttifaqı (Aİ) və Türkiyə münasibətləri"nə dair konfransda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Arif Məmmədov bildirib.
"Təəssüf ki, Türkiyənin Aİ-yə üzvlüyü məsələsi bəzi avropalı siyasətçilər tərəfindən daxili siyasi məqsədlər üçün istifadə edilir. Bu məsələ ətrafında spekulyasiyalar aparılır. Bu üzvlük Kopenhagen kriteriyaları əsasında aparılmalı olduğu halda, Türkiyədən qondarma "erməni soyqırımı"nı tanımaq və bu məsələni həll etmək tələb edilir. Bu cür fikirləri səsləndirənlər Türkiyənin dostu sayıla bilməzlər", - Məmmədov deyib. Bu barədə Trend-ə Daimi Nümayəndəlikdən məlumat verilib.
Kopenhagen kriteriyaları Aİ tərəfindən 1993-cü ildə Kopenhagendə qəbul olunub. Türkiyənin Aİ-yə üzvlük məsələsi bir neçə ildir müzakirə olunsa da, hələ ki həllini tapmayıb.
Səfirin fikrincə, tarixi məsələləri siyasiləşdirənlərin "döst mövqedən çıxış edirik" fikirləri səmimi deyil. Türkiyənin dəfələrlə bu məsələnin tarixçilərdən ibarət komissiya tərəfindən araşdırılması təşəbbüsü ilə çıxış etməsinə baxmayaraq, bu təklif Ermənistan tərəfindən rədd edilib.
"Nədənsə, Türkiyədən qondarma soyqırımı tanımağı tələb edən siyasətçilər Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, orada Xocalı və digər dəhşətli soyqırımlar törətməsi faktlarından yan keçirlər. Türkiyənin Aİ-yə üzv olması təşkilata yalnız qazanc gətirə bilər. Türkiyə regionda güclü mövqeyi olan bir dövlətdir. Türkiyə Aİ üçün həm strateji, həm enerji təchizatı, həm də qurumun xarici siyasət və birgə təhlükəsizlik siyasəti baxımından böyük önəm kəsb edir", - Arif Məmmədov qeyd edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlüksizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.