...

Bakıda aprel ayında "Təmiz hava aylığı" başlayıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 Aprel 2010 13:29 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev şənbə günü Trend-ə bildirib ki, atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində aprelin 1-dən 30-dək paytaxt ərazisində yerləşən avtomobil təsərrüfatlarında və yollarda müvafiq tədbirlər həyata keçiriləcək.
Bakıda aprel ayında "Təmiz hava aylığı" başlayıb (ƏLAVƏ OLUNUB)

RED. əlav.: son iki abzas əlavə olunub

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda aprel ayında "Təmiz hava aylığı" başlayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev şənbə günü Trend-ə bildirib ki, atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində aprelin 1-dən 30-dək paytaxt ərazisində yerləşən avtomobil təsərrüfatlarında və yollarda müvafiq tədbirlər həyata keçiriləcək.

Bakı şəhər Yol Polis İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirəcəyi təhlükəsizlik aylığı çərçivəsində karbon qazını normadan artıq ixrac edən nəqliyyat vasitələri müəyyən ediləcək və həmin nəqliyyat vasitələrinin sürücüləri məsuliyyətə cəlb olunacaq.

Aprelin ilk 10 günündə Bakıda avtotəsərrüfatı olan müəssisə, idarə və təşkilatlarda avtomaşınlar yoxlanılacaq, respublikamıza gətirilmiş xüsusi qurğularla nəqliyyat vasitələrinin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı müəyyən ediləcək.

Hənifəyev bildirib ki, aprelin ikinci ongünlüyündən başlayaraq "Təmiz hava aylığı" çərçivəsində keçiriləcək reydlər zamanı mühərrikinin ixrac etdiyi qazların tərkibində normadan artıq zərərli maddələr aşkarlanan avtomobillərin sürücüləri cərimələnərək inzibati məsuliyyətə cəlb olunacaq və istismarı qadağan olunacaq.

BDYPİ rəsmisinin sözlərinə görə, 2010-cu il "Екоlоgiya ili" çərçivəsində bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Azərbaycanda atmosfer çirklənməsinin 60 faizdən çoxu nəqliyyat vasitələrinin payına düşür.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, atmosferə normadan artıq zəhərli maddələr buraxan nəqliyyat vasitələrinin sürücülərinin əməli İnzibati Xətalar Məcəlləsinin 155.2.1-ci maddəsi ilə tövsif olunur.

Həmin maddəyə görə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən mühərriki nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin istismarı pozuntu hesab olunur və 20 manatdan 30 manatadək cərimə nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti