Azərbaycan, Bakı, 07 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın hakim partiyasının icra katibinin müavini hesab edir ki, Parlament seçkilərində heç bir siyasi qüvvə onlara rəqib ola bilməz.
"Bizim keçirdiyimiz rəy sorğularına görə, Parlament seçkilərində partiyamızın namizədləri seçicilər tərəfindən lazımi səviyyədə dəstəklənəcəklər", - çərşənbə günü Trend-ə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Qurbanlının sözlərinə görə, hakim partiyanın seçicilərdən dəstək almasının bir neçə səbəbi var.
"Birincisi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, uğurlar, eyni zamanda, partiyamıza böyük dəstəkdir. Bu siyasət bizim təbliğatçımıza və təşviqatımıza da böyük yardım göstərir. İkincisi, biz namizədləri müəyyənləşdirərkən onların irəli sürüldüyü dairələrdəki nüfuzu, fəaliyyəti və şəxsiyyətləri nəzərə alırıq. Partiyamızın kadr potensialı da kifayət qədər böyük olduğundan, namizədlərimizin irəli sürüldüyü dairələrdə nüfuzu kifayət qədər yüksək olur", - millət vəkili əlavə edib.
İcra katibinin müavini deyib ki, bütün bu göstəriciləri nəzərə alaraq, seçkilərdə uğur qazanacaqlarını əvvəlcədən proqnozlaşdırırlar.
"Amma bütün məsələlər, təbii ki, seçicilərin səsverməsindən asılıdır", - o xatırladıb.
Hakim partiyanın bu seçkilərdə nə qədər deputat yeri qazanacağına gəldikdə, Qurbanlı konkret rəqəm söyləməyib: "Hər bir partiya kimi biz də Parlamentdəki yerlərimizi qorumaq niyyətindəyik. Biz bu seçkilərdə daha çox deputat mandatı əldə etmək üçün çalışacağıq. Ona görə maksimum yer üçün mübarizə aparacağıq", - millət vəkili vurğulayıb.
YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.