Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir S.Ağayev/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin sonunda İtaliya və Vatikana səfər edəcək.
Azərbaycanın xarici işlər nazirinin İtaliyaya səfəri bu ölkənin xarici işlər naziri Frank Frattinin dəvəti ilə aprelin 28-nə nəzərdə tutulur. Bu barədə Azərbaycanın İtaliyadakı səfiri Emil Kərimov Trend-ə bildirib.
Səfər çərçivəsində Məmmədyarovun italiyalı həmkarı ilə, həmçinin, bu ölkənin iqtisadiyyat naziri ilə görüşlər keçirməsi planlaşdırılır. "Görüşlər zamanı iqtisadi və siyasi əməkdaşlıq məsələləri müzakirə ediləcək", - səfir bildirib.
Əsas diqqət regional və beynəlxalq əməkdaşlıq çərçivəsində qarşılıqlı əlaqələrə yönələcək.
Azərbaycan XİN rəhbəri aprelin 29-da Müqəddəs Taxtın xarici işlər naziri arxiyepiskop Dominik Mambertinin dəvəti ilə Vatikana səfər edəcək. Bu barədə Azərbaycanın Fransadakı, eyni zamanda, Vatikana akkreditə olunmuş səfiri Elçin Əmirbəyov Trend-ə bildirib.
Məmmədyarov Vatikanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. "Görüşlər zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək, beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi aparılacaq", - Əmirbəyov bildirib. Danışıqların gündəliyinə, həmçinin, Müqəddəs Taxtın Azərbaycanda səfirliyinin açılması məsələsi də daxildir.
Azərbaycanın Vatikandakı səfiri bir gün öncə Müqəddəs Taxtın rəsmi şəxsləri ilə səfərə hazırlıq məsələlərini müzakirə edib. Görüşdə Əmirbəyov xarici işlər nazirinin birinci müavinini Azərbaycan - Ermənistan münaqişəsinin nizamlanması ətrafındakı hazırkı vəziyyət haqqında, ATƏT-in Minsk qrupu həmsədrlərinin səyləri və Azərbaycanın bu məsələdə mövqeyi haqqında məlumatlandırıb.