Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir S.Ağayeva/
Azərbaycan mayın 10-13-də İordaniyada keçiriləcək SOFEX 2010 beynəlxalq sərgisində ilk dəfə olaraq özünün hərbi potensialını nümayiş etdirəcək.
Azərbaycan ilk dəfə bu nüfuzlu beynəlxalq sərgidə öz pavilyonunu açacaq. Bu barədə Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı Əmmandan telefon vasitəsilə çərşənbə axşamı Trend-ə bildirib.
Beynəlxalq sərgidə iştirak etmək üçün Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyətinə daxil olan ölkənin Müdafiə Nazirliyinin nümayəndələri də İordaniyaya səfər edəcək.
SOFEX - Şimalı Afrika və Yaxın Şərq ölkələrində keçirilən xüsusi əməliyyatlar və xüsusi təyinatlı qüvvələr üzrə ikinci böyük sərgidir.
Sərgidə dövlət təhlükəsizliyini və terrorizmlə mübarizəni təmin etmək üçün avadanlıqların aparıcı istehsalçıları və istehlakçıları, həmçinin müdafiə və təhlükəsizlik sahələrində çalışan yüksəkrütbəli şəxslər və dövlət xadimləri görüşəcəklər. SOFEX 2010 mütəxəssislərə dövlət təhlükəsizliyi sahəsində və terrorizm təhdidinin qarşısının alınması sahəsində son işlərlə tanış olmaq imkanı verir.
SOFEX sərgisi 1996-cı ildən Kral II Əbdülün himayəsi altında hər iki ildən bir keçirilir. 2010-cu ildə sərgi 8 dəfə keçiriləcək.
2008-ci ildə sərgidə 319 şirkət və bütün dünya təşkilatları iştirak edib, sərgiyə 58 ölkədən 12 min mütəxəssis gəlib.
Sərginin əsas istiqamətləri: avadanlıqlar; xüsusi təyinatlılar, sülhməramlı əməliyyat qüvvələri üçün formalar və təchizat; hərbi texnika, silah, döyüş sursatı və fərdi müdafiə vasitələri; gecəgörmə sistemi, naviqasiya və rabitə sistemləri; xüsusi təyinatlılar üçün heyət hazırlığı metodikası; səhra tibbi və digərləri.