Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Zərdab rayonunun polis rəisi işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, Zərdab rayon polis şöbəsinin əməliyyat xidməti fəaliyyəti kompleks yoxlanılıb. Yoxlama nəticəsində Zərdab RPŞ-nin xidməti fəaliyyətində bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib.
Daxili işlər naziri Ramil Usubovun əmrləri ilə şöbənin rəisi Şahı Səfərəliyev, əməliyyat işləri üzrə rəis müavini Elçin Mahmudov, İctimai Təhlükəsizlik Bölməsinin rəisi Bəhruz İbrahimov və Qeydiyyat və Şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru Adil Müzəffərov tutduqları vəzifədən azad ediliblər.
Onlar DİN-in Baş Kadrlar İdarəsinin sərəncamına götürülüblər.
Zahidov bildirib ki, nazir tərəfindən təsdiq edilmiş əsas təşkilati tədbirlər planına uyğun olaraq, hər dörd ildən bir DİN-in tabeliyində olan bütün baş idarə, idarə, şöbə və bölmələrin əməliyyat xidməti fəaliyyətləri kompleks yoxlanılır.