...

Ən önəmli addımlardan biri Azərbaycanla Türkiyənin yüksək səviyyədə strateji əməkdaşlıq şurasının qurulması istiqamətində verdiyimiz qərardır - Rəcəb Tayyib Ərdoğan

Siyasət Materials 18 May 2010 01:05 (UTC +04:00)
Təbii ki, bu gün keçirdiyimiz görüşlərdə, xüsusilə də hörmətli Prezidentlə ən önəmli addımlardan biri yüksək səviyyədə strateji əməkdaşlıq şurasının qurulması istiqamətində verdiyimiz qərardır. Dostlarımız indi bu istiqamətdə bütün səylərini səfərbər edərək fəaliyyətlərini davam etdirəcəklər. Arzu edirəm ki, İstanbul səfərində bunun imzalarını da birlikdə atmaq imkanımız olsun, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda mətbuat qarşısında bəyanatı zamanı bildirib.
Ən önəmli addımlardan biri Azərbaycanla Türkiyənin yüksək səviyyədə strateji əməkdaşlıq şurasının qurulması istiqamətində verdiyimiz qərardır -  Rəcəb Tayyib Ərdoğan

Təbii ki, bu gün keçirdiyimiz görüşlərdə, xüsusilə də hörmətli Prezidentlə ən önəmli addımlardan biri yüksək səviyyədə strateji əməkdaşlıq şurasının qurulması istiqamətində verdiyimiz qərardır. Dostlarımız indi bu istiqamətdə bütün səylərini səfərbər edərək fəaliyyətlərini davam etdirəcəklər. Arzu edirəm ki, İstanbul səfərində bunun imzalarını da birlikdə atmaq imkanımız olsun, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda mətbuat qarşısında bəyanatı zamanı bildirib.

"Bu, təbii ki, çox geniş, hərtərəfli bir işdir və Türkiyə ilə Azərbaycan arasında gələcəyi əhatə edən ən mühüm addım olacaqdır. Bununla yanaşı xüsusilə, iqtisadi sahədə fərqli addımlar atmaqla aramızdakı mövcud münasibəti əldə etdiyimiz indiki nöqtədən daha da irəliyə aparmaq lazımdır. Bilirəm ki, dünyada hökm sürən iqtisadi böhrandan Azərbaycan da uğurla çıxan ölkələrdən biri olmuşdur. Vəziyyəti daha yaxşı qiymətləndirən ölkələrdən biri olmuşdur. Türkiyə də böhrandan ən az zərərlə çıxan ölkələrdən biri oldu. Bu həmrəyliyimizin bizi gələcəyə daha da qətiyyətlə aparacağına inanıram, Ərdoğan deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Türkiyənin Baş naziri iyun ayının 7-8-də Azərbaycan Prezidentini İstanbulda qəbul edəcəyini söyləyib.
"Mən də çox təşəkkür edirəm. Xüsusilə də, Azərbaycana reallaşdırdığımız bu səfərdə yenə öz evimizdə, öz ailə şəraitimizdə ikitərəfli münasibətlərimizi istər təkbətək, istərsə də heyətlərarası görüşlər şəklində həyata keçirmiş olduq. Həmişəki kimi, həqiqətən, çox məhsuldar görüşlər oldu.
Bu müddət mənim üçün təbii ki, bir az uzun bir dövr idi. Uzun bir müddətdən sonra Bakıya belə bir səfər baş tutdu. Amma bundan sonra daha da tez-tez görüşlər olacaqdır. Çünki, iyun ayının 7-8-də hörmətli Prezidentinizi ölkəmizdə, İstanbulda qəbul edəcəyik. Daha sonra təbii ki, inşallah, yenə gələcəkdir. Biz yenə gələcəyik, nazirlərimiz gələcəklər. Təbii ki, aramızdakı əlaqələr fərqlidir. Siyasi, hərbi, ticari, iqtisadi, mədəni və bütün sahələrdə bu səfərlərin davamı mütləqdir. Əlaqələrimiz bundan sonra da eyni şəkildə, eyni qətiyyətlə davam edəcəkdir" Ərdoğan çıxışında bildirib.
Dağlıq Qarabağ probleminə toxunan Baş nazir Azərbaycanın münaqişənin həllində konstruktiv mövqe nümayiş etdirdiyini deyib.
"Hörmətli Prezident bizi Dağlıq Qarabağ mövzusunda məlumatlandırdı. Ötən dövr ərzində Azərbaycan münaqişənin həllinə konstruktiv yanaşmışdır və bu mövqeyini davam etdirir. Xüsusilə, Minsk qrupu həmsədrlərinin son təklifi Azərbaycan tərəfdən müsbət qarşılanarkən, Ermənistanın hələ də həmin məsələyə münasibət bildirməməsi Azərbaycanın bu işə konstruktiv yanaşmasını ortaya qoyur. Biz də nüvə təhlükəsizliyi ilə bağlı zirvə görüşündə bu mövzuda bəzi görüşlər keçirdik. Çox təəssüflər olsun ki, bu görüşlərdə eyni vəziyyəti gördük. Bu, təbii ki, bizim üçün də arzuolunmazdır. Arzu edərdik ki, orada konstruktiv yanaşmanı görək və bu konstruktiv yanaşma çərçivəsində gələcək daha yaxşı olsun. Biz təbii ki, bu qətiyyətli addımlarımızı eyni şəkildə davam etdirəcəyik. Amma düşünürəm ki, Minsk qrupu da bu dövr ərzində qətiyyətini ortaya qoymalıdır. Necə ki, mayın 12-13-də hörmətli Medvedevin Türkiyəyə səfərində də onunla bu mövzunu müzakirə etdik. Amerikada da istər hörmətli Obama ilə, istərsə də hörmətli Medvedevlə bu mövzunu müzakirə etmək imkanımız olmuşdu. Bundan bir həftə əvvəl də hörmətli Sarkozi ilə Fransada bu mövzunu müzakirə etdik. Biz bu mövzu ilə əlaqədar həssaslığımızı eyni şəkildə davam etdiririk, bundan sonra da davam etdirəcəyik. Çünki Azərbaycanın bu probleminə bizim əhəmiyyət verməməyimiz mümkün deyildir. Hər zaman bu işi yaxından izləməyə çalışacağıq" Erdoğan deyib.

Bakıda Atatürk abidəsinin uçaldılmasına görə təşəkkür edən Ərdoğan abidənin açılışının Türkiyə-Azərbaycan birliyini daha da möhkəmlədən addım olduğunu vurğulayıb.

"Təbii, bu səfər çərçivəsində hörmətli Prezidentin tapşırığı və razılığı ilə inşası tamamlanan Atatürk abidəsinin açılışında birlikdə iştirak edəcəyik. Buna görə də şəxsən öz adımdan və millətim adından Prezidentə çox-çox təşəkkür edirəm. Həmin abidənin açılışı da həm səfərimizi, həm də Türkiyə-Azərbaycan birliyini daha da möhkəmlədən yeni bir addım olacaqdır. Bu arada təbii qazla əlaqədar mövzu dostlarımız tərəfindən yekun mərhələyə çatdırılmışdır. Amma istəyirik ki, bunu möhkəmləndirməyi hörmətli Prezidentin Türkiyəyə səfəri zamanı gerçəkləşdirək, Türkiyədə bu addımı atmış olaq. Mən bir daha şəxsən öz adımdan və bütün nümayəndə heyətim adından Sizə çox-çox təşəkkür edirəm. Sağ olun, var olun" Baş nazir bəyanatının sonunda deyib.

Xəbər lenti

Xəbər lenti