...

ATƏT seçkilər zamanı namizədlərə daha geniş imkanların verilməsinin tərəfdarıdır - səfir Əli Bilgə Cankorel

Siyasət Materials 10 İyun 2010 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir K.Zərbalıyeva/

ATƏT seçkilər zamanı namizədlərə daha geniş imkanların verilməsinin tərəfdarıdır, - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Seçki Məcəlləsinə edilən son əlavə və dəyişikliklərlə bağlı məsələyə münasibət bildirərkən ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib.

"Seçki mövzusunda namizədlərə daha geniş imkanların verilməsi, mövcud imkanların genişləndirilməsi vacibdir. Seçki Məcəlləsinə edilən dəyişikliklərlə bağlı görüşlərim olacaq və bu dəyişikliklərin səbəblərini öyrənəcəyəm", - Cankorel bildirib.

ATƏT rəsmisi seçki mövzusunda siyasi partiyalar və hakimiyyət nümayəndələri ilə müzakirələri davam etdirəcəklərini deyib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin çərşənbə günü keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyası deputatlarının Məcəlləyə dəyişiklik və əlavələrə dair təklifləri müzakirə edilib.

Məcəlləyə 33 əlavə və dəyişikliyin edilməsi təklif olunub. Əlavə və dəyişikliklərin əsası deputatlığa namizədlər üçün dövlət büdcəsindən ayrılan vəsaitin ləğvi, seçkilərin elan olunmasının 75 gündən 60 günə endirilməsi, seçki dairələrinin siyahılarının seçki gününə 55 gün qalmış təsdiqlənməsi, 50 gün qalmış dərc edilməsidir.

Dəyişikliklərdən biri dairə seçki komissiyaları ilə bağlıdır. DSK-ların təşkili seçki gününə, azı, 50 gün qalmış təşkil edilməlidir. Seçici siyahılarının tərtib edilməsi müddəti də azaldılıb. Səsvermə gününə, azı, 20 gün qalmış siyahılar məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilməlidir. Namizədlərin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi səsvermə gününə, ən çoxu, 50, ən azı, 30 gün qalmış təqdim olunmalıdır.

Seçki Məcəlləsinə qəbul olunduğu 2003-cü ildən bəri 10 dəfə əlavə və dəyişiklik edilib.

Komitədə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunandan sonra, Parlamentin sessiyasına tövsiyə edilib.

Xəbər lenti

Xəbər lenti