Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Ü.Sadıxova/
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpası və qorunmasında rolu böyükdür. Bu sözləri cümə günü Azərbaycan Prezidenti Administrasiyasını ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev "Türk dövlətçiliyi tarixində rəhbərlərin rolu" konfransının açılışında deyib.
Tədbir türkiyə ali məktəb məzunları və Azərbaycanın "Yeni nəsil" Gənclər İctimai Birliyi tərəfindən təşkil edilib.
Konfrans qarşıdan gələn Milli Qurtuluş Gününə həsr olunub.
Mirzəyevin sözlərinə görə, Azərbaycanda Heydər Əliyevi ədalətlilik, igidlik, səmimilik və zəkalılıq keyfiyyətlərinə malik olan dahi şəxs kimi qəbul edirlər. "Ümummilli liderin ideyaları ətrafında birləşmək və onun başladığı yolu davam etdirmək lazımdır", - o əlavə edib.
Mirzəyev türk dünyasının əksər dövlətlərin yaranmasında göstərdiyi rolu və verdiyi töhfəni də qeyd edib.
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov bildirib ki, ümummilli liderin xidmətləri dünyada analoqu olmayan türk dövlətinin yaradılmasına gətirib çıxarıb.
"Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində özündən sonra zəngin miras qoyub ki, bu da Heydər Əliyev tərəfindən bərpa edilib və qaytarılıb", - deyən Bayramov əlavə edib ki, Azərbaycanın ümummilli lideri türk dünyası liderləri arasında mühüm yer tutur.
TUMİB-in baş katibi Rauf Əliyevin sözlərinə görə, Azərbaycan Heydər Əliyev olmadan dövlət torpaqlarının 20 faizini deyil, 80 faizini itirərdi və nəticədə dünyanın siyasi xəritəsindən silinərdi.
"O, təkcə Azərbaycanı deyil, həm də türk dünyasını xilas edib", - Əliyev qeyd edib.
Onun fikrincə, Azərbaycan türk dünyasını birləşdirən halqadır. Çünki Türkiyənin Orta Asiya ölkələri ilə əlaqəsi bilavasitə Azərbaycan vasitəsilə həyata keçirilir.
"Türk dünyasının gələcəyi Türkiyə və Azərbaycanın əməkdaşlığından asılıdır. Buna görə də biz Heydər Əliyevə minnətdar olmalıyıq", - Əliyev deyib.