Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müxalif Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttiffaqın birliyinə yeni siyasi qüvvələrin qoşulması gözlənilir. Bu barədə Trend-ə DUİ seçki qərargahının sədri, Azadlıq Partiyasının rəhbəri Əhməd Oruc bildirib.
Onun sözlərinə görə, çərşənbə günü Müsavat ilə DUİ məsləhətləşmələrinin 8-ci raundu keçirilib və məsləhətləşmələr zamanı müxalifətdaxili əməkdaşlıq da müzakirə olunub.
"Bir neçə siyasi partiya seçkilərdə birgə fəaliyyət göstərmək haqqında bizə müraciət edib, lakin bu sahədə hələ ki, dəqiq qərar qəbul olunmadığına görə həmin siyasi qüvvələrin adını dəqiq deyə bilməyəcəyəm", - Oruc əlavə edib.
Partiya sədri bildirib ki, məsləhətləşmələr zamanı seçkilərdə namizədlərin birgə dəstəklənməsi məsələsi də müzakirə olunub. "Müsavat və DUİ 20 namizədin birgə dəstəklənməsi haqqında artıq qərar verib", - Oruc qeyd edib.
Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Oruc bildirib ki, birgə aksiyaların keçirilməsi də müzakirə mövzusu olub və iyulun 3-də kütləvi aksiyaların keçirilməsi dəqiqləşdirilib.