...

Bolqarıstan Azərbaycan ilə Avropa qurumları arasında əməkdaşlığın dərinləşməsi işində müsbət rol oynayır - Prezident İlham Əliyev

Siyasət Materials 30 İyun 2010 22:10 (UTC +04:00)
Bolqarıstan Azərbaycan ilə Avropa qurumları arasında əməkdaşlığın dərinləşməsi işində müsbət rol oynayır, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 30-da Azərbaycan və Bolqarısatn hökumətinin geniş tərkibdə görüşündən sonra bəyanatnda bildirib.
Bolqarıstan Azərbaycan ilə Avropa qurumları arasında əməkdaşlığın dərinləşməsi işində müsbət rol oynayır - Prezident İlham Əliyev

Bolqarıstan Azərbaycan ilə Avropa qurumları arasında əməkdaşlığın dərinləşməsi işində müsbət rol oynayır, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 30-da Azərbaycan və Bolqarısatn hökumətinin geniş tərkibdə görüşündən sonra bəyanatnda bildirib.

"Bu gün biz Sizinlə Azərbaycan ilə Avropa İttifaqı və Avropa strukturları arasında mövcud olan əlaqələri müzakirə etdik. Bolqarıstan Azərbaycan ilə Avropa qurumları arasında əməkdaşlığın dərinləşməsi işində müsbət rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk. Biz ümid edirik ki, "Şərq tərəfdaşlığı" Proqramının icrası nəticəsində Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr yeni səviyyəyə qalxacaqdır" İlham Əliyev deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı qeyd edib ki, bu səfər Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir.

"Mən əminəm ki, səfərin nəticələri əlaqələrimizi daha da irəliyə aparacaqdır. Aramızda əlaqələr çox möhkəm zəmində qurulubdur. Biz müxtəlif sahələrdə çox uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq gündən-günə genişlənir və dərinləşir. Bizim siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı səfərlər, xüsusilə yüksəksəviyyəli səfərlər bunu göstərir. Biz Sizinlə həm Azərbaycanda, həm Bolqarıstanda, digər ölkələrdə vaxtaşırı görüşürük, fikir mübadiləsi aparırıq. Çox şadam ki, bütün strukturlar, nazirliklər öz aralarında da çox səmərəli əlaqələr qura bilmişlər.

Bir sözlə, siyasi əlaqələrin möhkəm olması bizə imkan verir ki, müxtəlif sahələrdə əlaqələrin inkişafına da güclü təkan verək. Bu gün biz Sizinlə gündəliyimizin demək olar ki, bütün məsələlərini müzakirə etdik. Bir daha gördük ki, ikitərəfli gündəliyimiz çox genişdir və çoxmənalıdır" Prezident bəyanatında bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan və Bolqarıstanın iqtisadi sahədə böyük potensialı vardır.

"Ümid edirəm ki, gələcək illərdə bu potensial həyatda öz əksini tam şəkildə tapacaqdır. Qarşılıqlı investisiya layihələri, müştərək müəssisələrin yaradılması və birgə iqtisadi fəaliyyət əlaqələrimizi daha da gücləndirəcəkdir.

Biz bu gün Sizinlə energetika sektorundakı əlaqələrimizi geniş müzakirə etdik. Bu sahədə gözəl perspektivlər vardır və artıq konkret addımlar da atılıbdır. Keçən il Sofiyada Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində memorandum imzalanmışdır və artıq işçi qrupu memorandumun əsasında bir neçə görüş keçirmişdir. Bu görüşlər çox ümidvericidir. Bu gün biz Sizinlə həmin məsələləri daha da geniş şəkildə müzakirə etdik. Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq, əminəm ki, çox uğurlu olacaq, həm ölkələrimizin maraqlarını təmin edəcək, eyni zamanda, regional əməkdaşlıq üçün də çox böyük töhfə verəcəkdir. Çünki Azərbaycan tərəfindən başlanmış və uğurla icra edilən neft-qaz layihələri bu gün artıq regional müstəviyə daxil edilibdir. Bu layihələrin regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün də çox böyük əhəmiyyəti vardır" İlham Əliyev söyləyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz enerji potensialını tam şəkildə reallaşdırmaq əzmindədir.

"Bunu etmək üçün bizə, əlbəttə ki, yeni istiqamətlər, yeni bazarlar lazımdır. Əminəm ki, istehlakçılar üçün də yeni mənbələr maraq doğurur. Beləliklə, bu sahədə maraqlarımız üst-üstə düşür. Əminəm ki, bu gün bizim tərəfimizdən verilən konkret tapşırıqlar bu sahədəki əməkdaşlığın reallaşmasına gətirib çıxaracaqdır. Beləliklə, Bolqarıstan ilə Azərbaycan arasında energetika sektorunda da çox uğurlu və uzunmüddətli əməkdaşlıq təmin ediləcəkdir.

Bu yaxınlarda Avropa Parlamenti tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş qətnamə Azərbaycanda çox müsbət bir hal kimi qiymətləndirilir. Bu qətnamə çox ədalətlidir, münaqişənin mahiyyətini tam şəkildə açır və Azərbaycanın işğal edilmiş torpaqlarından işğalçı qüvvələrin çıxarılmasına dair konkret təkliflər orada öz əksini tapır. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan torpaqları erməni işğalçılarının nəzarətindədir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Torpaqlarımızın iyirmi faizi uzun illərdir ki, işğal altındadır. Bu işğal nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın-köçkün vəziyyətində yaşayır. Biz istəyirik ki, məsələ beynəlxalq təşkilatların qətnamələri, qərarları əsasında və beynəlxalq hüquq normaları çərçivəsində tezliklə öz ədalətli həllini tapsın. Hər bir yeni qərar, xüsusilə Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə və buna bənzər qətnamələr mövqeyimizi gücləndirir, bir sözlə, məsələnin ədalətli həllinə öz dəstəyini göstərir. Biz bu qətnamənin qəbul edilməsində Bolqarıstan nümayəndələrinin iştirakını da çox yüksək qiymətləndiririk.

Bir sözlə, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrdə Bolqarıstanın xüsusi yeri vardır. Biz həmişə, bütün dövrlərdə Bolqarıstandan dəstək almışıq. Bu dəstəyi bu gün də görürük və hiss edirik. Biz bu gün əməkdaşlığımızın müxtəlif sahələrini geniş şəkildə müzakirə etdik. Bir daha demək istəyirəm ki, müzakirə etdiyimiz bütün məsələlərdə mövqeyimiz üst-üstə düşür və bizim amalımız da birdir. Biz istəyirik ki, ikitərəfli əlaqələr sürətlə inkişaf etsin, regional əməkdaşlıq - Xəzər dənizi-Qara dəniz regionlarının əməkdaşlığı daha da uğurlu olsun. Bölgədə sülh, təhlükəsizlik təmin edilsin, bütün siyasi və iqtisadi proseslər müsbət istiqamətdə davam etsin və beləliklə, bu bölgədə vəziyyət, xüsusilə, təhlükəsizlik tədbirləri daha da gücləndirilsin.

Mən əminəm ki, səfəriniz çox uğurlu keçəcək və səfərinizin nəticələri Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəkdir"İlham Əliyev bəyanatında bildirib.

Xəbər lenti

Xəbər lenti