...

Azərbaycanda qondarma müxalifət öz mövcudluğunu bəyanatlar verməklə saxlayır - Müsavat Partiyasının rəhbərliyi

Siyasət Materials 7 İyul 2010 15:27 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat Partiyası qondarma müxalifəti onlara qarşı kampaniya aparmaqda suçlayıb.
Azərbaycanda qondarma müxalifət öz mövcudluğunu bəyanatlar verməklə saxlayır - Müsavat Partiyasının rəhbərliyi

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat Partiyası qondarma müxalifəti onlara qarşı kampaniya aparmaqda suçlayıb.

"Bəzi qondarma müxalifət qüvvələri var ki, onlar öz mövcudluqlarını Müsavat Partiyasına, onun rəhbərlərinə bəyanat verməklə qoruyub-saxlayırlar. Ancaq düşünmürəm ki, butipli şəxslərin Müsavat əleyhinə fikirlər səsləndirməsi partiyamızı nüfuzdan salır. Çünki Azərbaycan cəmiyyəti butipli insanları tanıyır", - bunu çərşənbə günü Trend-ə Müsavat Partiyası mərkəzi aparatının rəhbəri Arif Hacılı bildirib.

Son zamanlar bir sıra müxalifyönümlü mətbu orqanlarda "Azadlıq" blokunda fikir ayrılıqlarının olduğu və blokun tezliklə dağılacağı barədə məlumatlar yer alıb. Bu arada bəzi müxalifət liderləri Müsavat Partiyasını dağıdıcı fəaliyyət göstərməkdə suçlayır.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Hacılı bildirib ki, Müsavat Partiyasının müxalifət düşərgəsində rəqibi yoxdur və "biz heç kəslə rəqabət aparmaq fikrində deyilik".

Müxalif "Azadlıq" bloku daxilində yaranan gərginliyə gəlincə, Hacılı bildirdi ki, onlar blokun daxili işlərinə qarışmır və bu blokla bağlı heç zaman konkret iddialar ortalığa çıxmır.

"Əgər blokdaxili münasibətlər səngiyəcəksə, gərginləşəcəksə, biz ona qarışmaq niyyətində deyilik", - Hacılı əlavə edib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası bir neçə azsaylı partiya ilə birgə Azərbaycan istiqlalını elan edib. 1920-ci ilin aprelində Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduqdan sonra, Müsavat Partiyası fəaliyyətini dayandırıb.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III bərpa qurultayı keçirilib və İsa Qəmbər partiyanın başqanı seçilib.

Xəbər lenti

Xəbər lenti