...

Aİ-nin Cənubi Qafqaza qarşı siyasəti Berlində müzakirə olunub

Siyasət Materials 8 İyul 2010 18:50 (UTC +04:00)
Müzakirələr "Almaniya və Avropa İttifaqının yeni Cənubi Qafqaz siyasəti" analitik sənədi ətrafında keçirilib. Bu barədə Azərbaycan XİN Azərbaycanın Almaniyadakı səfirliyinə istinadən məlumat verib.
Aİ-nin Cənubi Qafqaza qarşı siyasəti Berlində müzakirə olunub

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir S.Ağayeva/

Aİ-nin Cənubi Qafqaza münasibətdə siyasəti Berlində müzakirə olunub.

Müzakirələr "Almaniya və Avropa İttifaqının yeni Cənubi Qafqaz siyasəti" analitik sənədi ətrafında keçirilib. Bu barədə Azərbaycan XİN Azərbaycanın Almaniyadakı səfirliyinə istinadən məlumat verib.

Sənəd Xarici Siyasət üzrə Alman Cəmiyyətinin (DGAP) tərəfindən hazırlanıb. Tədbirdə məruzəçi qismində eyni zamanda DGAP-nin Otto Volf - Tətqiqat İnstitutunun direktoru, prof. dr. Eberhardt Zandşnayder, Bundestaqdakı SPD (Sosial Demokrat Partiyası) fraksiyasının sədr müavini və Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi Qernot Erler, Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri dr. Patrisiya Flor və məşhur politoloqlar iştirak ediblər.

Sənəd regiondakı məsələlərə daha obyektiv və praqmatik yanaşaraq Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın önəmini xüsusi olaraq qeyd edir və Almaniya, eləcə də Aİ-ni məhz bu ölkə ilə intensiv əməkdaşlığa çağırır.

Sənədə görə Cənubi Qafqazdakı vəziyyətin son zamanlar əhəmiyyətli dərəcədə dəyişməsi regiona yeni yanaşmanı şərtləndirib. Sənəddə bu baxımdan Aİ və Almaniyanın da regionla bağlı siyasətinin yaranmış yeni reallıqlara uyğunlaşdırılmasının zəruriliyi qeyd olunur.

Azərbaycanın sürətlə inkişaf edərək Cənubi Qafqazın lider dövlətinə çevrildiyini və Aİ-nin regiondakı ən mühüm enerji tərəfdaşı kimi özünü sübut etdiyini bildirən sənəd Aİ və Almaniyanın indiyə kimi regionda əsasən Gürcüstanı əsas tərəfdaş dövlət kimi tanıdıqlarını, yaranmış yeni vəziyyətdə isə bunun səmərəli olmayacağını ifadə edir. Regionda daha iri iqtisadi potensiala və sabit inkişafa malik olan Azərbaycanla əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayan müəllif sənəddə ölkəmizin həm coğrafi mövqeyinin, həm də ölkənin siyasi elitasının iqtisadi inkişaf və siyasi stabilliyə yönəlmiş uğurlu siyasətinin nəzərə alınmasının əhəmiyyətini bildirir.

Sənəddə Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, 20 faiz Azərbaycan torpaqlarının işğal olunduğu və bu vəziyyətin nəinki regionun, eləcə də Avropanın təhlükəsizlik maraqlarına təhdid yaratdığı bildirilir. Sənədə görə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı beynəlxalq hüquqa və beynəlxalq aləmin hamılıqla tanınmış norma və prinsiplərinə ziddir.

Sənəd Almaniya və Aİ-ni bu münaqişənin nizamlanması üzrə öz səylərini fəallaşdırmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti