...

Azərbaycan Xalq Cəbhəsi ilə Müsavat partiyalarının birləşməsi məsələsində vahid mövqe olmayacaq – Müsavat fuksioneri Arif Hacılı

Siyasət Materials 16 İyul 2010 17:02 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi (AXCP) ilə Müsavat partiyalarının birləşməsi məsələsində partiyalar daxilində vahid mövqe olmayacaq. Bu barədə cümə günü Trend-ə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
Azərbaycan Xalq Cəbhəsi ilə Müsavat partiyalarının birləşməsi məsələsində vahid mövqe olmayacaq – Müsavat fuksioneri Arif Hacılı

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Xalq Cəbhəsi (AXCP) ilə Müsavat partiyalarının birləşməsi məsələsində partiyalar daxilində vahid mövqe olmayacaq. Bu barədə cümə günü Trend-ə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

"Partiyanın aşağı elektoratı ilə bu məsələ geniş müzakirə olunmayıb. Təbii ki, partiyanın sıralarında kifayət qədər müstəqil düşüncəyə malik, müstəqil qərar verən insanlar var. Bu məsələ ilə bağlı vahid mövqe yəqin ki olmayacaq. Ancaq məsələlər müzakirə olunsa, bu prosesin real perspektivləri görünsə, partiya strukturlarında belə bir qərarın qəbul olunması mümkün ola bilər", - Hacılı əlavə edib.

Trend-in arayışı: İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib.

Hacılı bildirib ki, partiyaların birləşməsi olduqca çətin prosesdir.

"Belə birliyə nail olmaq həm təşkilati-texniki baxımdan, həm də məsələlərin müzakirələri və razılaşdırılması baxımından kifayət qədər mürəkkəb və problemli bir məsələdir. Ancaq artıq söz deyilib. Hər şey sözdən başlayır. Ola bilsin ki, bu proses başlayacaq və nə vaxtsa reallaşacaq", - Hacılı deyib.

Müsavat funksioneri birləşmə təklifinin sosial sifariş olduğunu bildirib.

"Müsavat İlə Azərbaycan Xalq Cəbhəsi partiyaları həm siyasi, həm də ideoloji xəttinə görə bir-birinə yaxın partiyalardır. Bu yolda iki siyasi partiyanın olması iki siyasi mərkəzin yaranmasına, eyni zamanda, bir sıra siyasi qüvvələrin bu siyasi qüvvələrin arasında manevr etməsinə şərait yaradır. Həmçinin, Azərbaycan cəmiyyətində bu partiyaların birləşməsi kimi sosial sifariş də mövcuddur. Ona görə zaman-zaman bu mövzu aktuallaşır", - Hacılı əlavə edib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan edib. 1920-ci ilin aprelində Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb. 1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib və İsa Qəmbər partiyanın başqanı seçilib.

Azərbaycan Xalq Cəbhəsi Azərbaycan Milli Azadlıq Hərəkatı zamanı gizli şəkildə 1989-cu ildə təsis olunub. Partiya kimi 1995-ci ildə qeydiyyatdan keçib. 2000-ci ilin avqust ayında partiya sədri Əbülfəz Elçibəyin vəfatından sonra ideoloji səbəblərdən partiya iki hissəyə - Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qollarına bölünüb.

Xəbər lenti

Xəbər lenti