...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Batuminin görməli yerləri ilə tanış olub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 İyul 2010 22:34 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Gürcüstan Prezidentinin xanımı Sandra Rulofs iyulun 18-də Batumidə Qonio Apsar tarix-memarlıq muzeyində olmuşlar.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Batuminin görməli yerləri ilə tanış olub (ƏLAVƏ OLUNUB)

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iyulun 18-də Batuminin görməli yerləri ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mehriban Əliyeva və Gürcüstan Prezidentinin xanımı Sandra Rulofs Qonio Apsar tarix-memarlıq muzeyində olmuşlar.

Batuminin qədim abidələrindən olan, tarixi eramızdan əvvəl VIII-VII əsrlərə aid edilən Qonio Apsar qalası ilə tanışlıq zamanı məlumat verildi ki, erkən orta əsrlərdə bura romalıların yaşadığı şəhər - qala rolunu oynayırdı. Ərazisi 5 hektara yaxın olan bu qala romalılar üçün strateji siyasi və mədəni mərkəz idi. Orta əsrlərdə isə bu qala bizanslıların, daha sonra isə Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. XIV əsrdə burada Gürcü knyazlığı yaradılmışdır.

1994-cü ildən muzey kimi fəaliyyət göstərən bu ərazidə müxtəlif vaxtlarda alimlərin iştirakı ilə geniş arxeoloji qazıntılar aparılmışdır.

Mehriban xanımın diqqətinə çatdırıldı ki, muzeyin ən maraqlı yerlərindən biri burada mövcud olan saxsı su kəmərinin qalıqlarıdır.

Muzeydə müxtəlif dövrlərə aid pul sikkələri, qızıl və gümüşdən hazırlanan bəzək əşyaları, qədim yunan və Roma dövrlərinə aid keramika nümunələri saxlanılır.

Şəhərin mərkəzindəki saat qülləsi ilə tanışlıq zamanı Sandra Elizabet Rulofs məlumat verdi ki, bu saatı Batuminin hər yerindən görmək mümkündür.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Batuminin tarixi hissəsində oldu.

Mehriban xanıma Avropa meydanında Venesiya memarlığı üslubunda inşa olunan bina haqqında məlumat verildi. Qeyd olundu ki, son illərdə Batumidə geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Avropa meydanında aparılan yenidənqurma işləri də bunun bir tərkib hissəsidir.

Mehriban xanım Əliyeva Batumidə həyata keçirilən infrastruktur layihələrinin eskizlərinə də baxdı.

Sonra Mehriban Əliyeva və Sandra Elizabet Rulofs Nobel qardaşlarının Texniki Muzeyində olmuşlar.

Mehriban xanımın diqqətinə çatdırıldı ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafı qonşu Gürcüstanın da inkişafına təsir göstərmişdir. O dövrdə Bakıda neft hasilatı ilə məşğul olan Nobel qardaşları "qara qızıl"ı Batumi vasitəsilə Avropa bazarlarına çıxarmışlar. 1883-cü ildə Nobel qardaşları Batumidə bu məqsədlə neft terminalı da inşa etmişlər. Həmin dövrdə Bakı-Batumi dəmir yolunun çəkilməsi isə nobellərin neft biznesinin daha da inkişafına böyük töhfə olmuşdur.

Nobel qardaşlarının vaxtilə evi olmuş bu muzeydə neft maqnatlarının Batumidəki fəaliyyətini əks etdirən müxtəlif fotolar və əşyalar toplanmışdır. Muzeydə, həmçinin Balaxanıdakı neft mədənlərinin şəkilləri, Nobel qardaşlarının əlyazmaları da saxlanılır.

Mehriban xanım Əliyeva muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

Xəbər lenti

Xəbər lenti