...

Gürcüstanın yeni Konstitusiyası Prezident Saakaşviliyə hakimiyyətdə qalmağa imkan verə bilər – ekspertlər

Siyasət Materials 22 İyul 2010 09:00 (UTC +04:00)
Gürcüstanın yeni Konstitusiyasının layihəsi Prezident Mixail Saakaşvilinin 2013-cü ildə keçiriləcək seçkilərdən sonra hakimiyyətdə qalmaq üçün cəhdi ola bilər. Lakin yeni Konstitusiya yalnız Qərbin tələblərinin yerinə yetirilməsi də ola bilər. Ekspertlər belə hesab edirlər.
Gürcüstanın yeni Konstitusiyası Prezident Saakaşviliyə hakimiyyətdə qalmağa imkan verə bilər – ekspertlər

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir E.Tariverdiyeva/

Gürcüstanın yeni Konstitusiyasının layihəsi Prezident Mixail Saakaşvilinin 2013-cü ildə keçiriləcək seçkilərdən sonra hakimiyyətdə qalmaq üçün cəhdi ola bilər. Lakin yeni Konstitusiya yalnız Qərbin tələblərinin yerinə yetirilməsi də ola bilər. Ekspertlər belə hesab edirlər.

"İndiki hakimiyyət yeni Konstitusiyanı Saakaşvili gedəndən sonra prezidentin səlahiyyətlərini məhdudlaşdıraraq, öz məqsədləri üçün istifadə etmək niyyətindədir", - Trend-ə gürcü ekspert Soso Siskarişvili deyib.

Gürcüstanın Dövlət Konstitusiya Komissiyası ictimaiyyətin, deputat və ekspertlərin iştirakı ilə Prezidentə təqdim edilən Gürcüstanın yeni Konstitusiya layihəsini hazırlayıb. Onun cari ilin sentyabrınadək qəbul ediləcəyi gözlənilir.

Yeni layihədə parlamentin və Baş nazirin səlahiyyətləri gücləndirilib, prezidentin səlahiyyətləri isə ciddi şəkildə azaldılıb.

Müxalifət hesab edir ki, bu Konstitusiya 2013-cü ildən sonra səlahiyyət müddəti bitəcək Saakaşvilinin hakimiyyətin tamlığını Baş nazir və ya parlament sədri qismində qoruya bilməsi üçün prezidentin xeyrinə yazılır. Yeni Konstitusiyanın qəbulunun əleyhinə Gürcüstanın 10 aparıcı müxalif partiyası çıxış edib.

Əksər müşahidəçilərin fikrincə, yeni Konstitusiya layihəsi Prezident Saakaşvilinin 2013-cü il prezident seçkilərindən sonra hakimiyyətdə qalması üçün hazırlanıb.

Rusiyalı ekspert Aleksey Vlasovun fikrincə, Saakaşvili hakimiyyətdən çox güman ki, şəxs kimi getməyəcək, çünki o, hakimiyyətsiz mövcud ola bilməz.

"Buna görə də xalqın dəstəyi olacağı təqdirdə, Saakaşvilinin hakimiyyətdə qalmaq üçün yollar axtararaq və bütün təsir vasitələrini əlində saxlamaqla Konstitusiyanı dəyişməyə bütün imkanları var", - Trend-ə MDU-nun Tarix fakültəsinin dekan müavini, Trend-in Ekspertlər Şurasının üzvü Vlasov bildirib.

Siskarişvili hadisələrin belə gedişi ilə razı deyil. Onun sözlərinə görə, Konstitusiyanın qüvvəyə minməsi 2013-cü ildə başlayacağı təqdirdə, onun 2010-cu ildə qəbul edilməsinə heç də ehtiyac yoxdur.

"Bu ona işarədir ki, hakimiyyət Saakaşvili gedəndən sonra prezidentin səlahiyyətlərini məhdudlaşdıraraq, onu öz məqsədləri üçün istifadə etmək niyyətindədir", - o qeyd edib.

Rusiya eksperti, "Rusiya qlobal siyasətdə" jurnalının redaktoru Fyodr Lukyanovun fikrincə, Saakaşvilinin öz hakimiyyətini qorumaq üçün imkanları öyrənməsi başa düşüləndir.

"Saakaşvili cavandır, onun böyük ambisiyalarla hakimiyyətdən gedəndən sonra nə ilə məşğul olacağı isə tam aydın deyil", - ekspert PRAYM-TASS agentliyinə bildirib.

Lakin Cənubi Qafqaz üzrə amerikalı ekspert Svante Kornelin fikrincə, yeni Konstitusiyanın qəbulu yalnız Gürcüstanın Qərbin tələblərini yerinə yetirməsidir.

Kornel hesab edir ki, yeni Konstitusiya qəbul edildikdən sonra Gürcüstanın parlamentli respublikaya çevriləcəyini demək olmaz, belə ki, hakimiyyət anlayır ki, xarici qüvvələr bundan ölkədəki sabitliyi pozmaq üçün istifadə edə bilərlər.

"Bunu Gürcüstandan gözləmək olardı, belə ki, Avropa Parlamenti prezidentin səlahiyyətlərini azaltmaq üçün Gürcüstana çoxdan təzyiq göstərirdi, çünki Saakaşvilinin səlahiyyəti inqilabdan sonra çox geniş olub", - Trend-ə Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitunun direktoru Kornel deyib.

"Bu dəyişikliklər əlbəttə ki, parlamentin səlahiyyətlərini artıracaq, lakin Gürcüstan üçün indi vacib olan sabitlikdir və onun sabitliyinin təminatçısı vəziyyətin dəyişməsini tələb edən Qərbdir", - ekspert vurğulayıb.

Ekspertlərin fikrincə, müxalifət yeni Konstitusiyanın qəbulunu necə qiymətləndirməsindən asılı olmayaraq, hakimiyyətin qarşısında davam gətirə bilməyəcək və xalqın dəstəyini qazanmayacaq.

"Gürcüstanın müxalifət qüvvələrinin Konstitusiyanın yeni redaktədə işlənməsinə münasibəti onların zəifliyinə işarədir", - Trend-ə gürcü ekspert Giya Xuxaşvili deyib.

"Müxalifət öz zəifliyini və seçkilər vasitəsilə Saakaşvilini ötə bilməyəcəyini etiraf edirsə, deməli, onlar heç vaxt seçkilərdə qalib gələ və xalqın dəstəyini qazana bilməzlər", - ekspert bildirib.

Ekspert hesab edir ki, müxalifət fikrini rəqabət apara biləcək seçki sisteminin yaradılmasına yönəltməlidir və bu rəqabət şəraitində hakimiyyətlə mübarizə aparmalıdır. Bundan başqa, ekspert müxalifətin etirazlarının fəallaşacağını da gözləmir. "Müxalifət nəyə qadir olduğunu küçə yürüşləri ilə artıq göstərib, odur ki, onların diqqətlərini seçki mühitinin dəyişdirilməsi üzrə planlı şəkildə aparılan işə yönəltmələri yaxşı olardı", - Xuxaşvili belə hesab edir.

Kornelin fikrincə, Saakaşvilinin təkcə rəsmi qüvvəsi yox, həm də qeyri-rəsmi dəstəyi var, belə ki, Gürcüstanda hakimiyyətdə olan şəxslərin çoxu məhz Saakaşvilini dəstəkləyir.

"Buna görə də ölkədə seçkiyə qədər ciddi dəyişiklik olmayacaq", - o deyib.

Xəbər lenti

Xəbər lenti