...

Azərbaycanda aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Baş Prokurorluqla birgə treninqlər keçiriləcək

Siyasət Materials 28 İyul 2010 17:09 (UTC +04:00)
Azərbaycanda aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Baş Prokurorluqla birgə treninqlər keçiriləcək.
Azərbaycanda aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Baş Prokurorluqla birgə treninqlər keçiriləcək

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Baş Prokurorluqla birgə treninqlər keçiriləcək. Trend-in məlumatına görə, baş prokuror Zakir Qaralovla Mətbuat Şurasının sədri Əflatun Amaşovun iyulun 28-də keçirilən görüşündə bununla bağlı razılıq əldə olunub.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, treninqlər Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçiriləcək.

Təlimlərin keçirilməsində məqsəd cinayətkarlığa qarşı mübarizə sahəsində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlərin obyektiv və çevik işıqlandırılması və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsidir.

Görüşdə kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunların, normativ-hüquqi aktların toplu şəklində dərc edilməsi, eyni zamanda, "Jurnalistlər üçün hüquqi terminlər lüğəti"nin yeni nəşrinin Mətbuat Şurası ilə birgə hazırlanması qərara alınıb.

Baş prokuror Zakir Qaralov prokurorluq orqanlarında həyata keçirilən islahatların tərkib hissəsi kimi, prokurorluğun kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrinin genişləndirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarının geniş tətbiqi üçün məqsədyönlü işlər görüldüyünü, eyni zamanda, prokurorluq orqanları ilə Mətbuat Şurası arasında qarşılıqlı faydalı əməkdaşlığın dinamik inkişaf etdiyini xüsusi qeyd edib.

Mətbuat Şurasının sədri təmsil etdiyi təşkilatın prokurorluq orqanları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini, bu cür görüşlərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından faydalı olduğunu, həmçinin ikitərəfli qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Amaşov Şuranın yarandığı ötən 7 il müddətində ümumilikdə 103 qəzet və jurnalın adının peşə prinsiplərinə etinasız yanaşan kütləvi informasiya vasitələri üçün müəyyənləşdirilmiş "qara siyahı"ya daxil edilməsi barədə məlumat verib.

Şura sədri İdarə Heyətinin bu il iyulun 6-da keçirilən iclasının qərarı ilə onlardan 26-nın adının həmin siyahıdan çıxarıldığını deyib.

Xəbər lenti

Xəbər lenti