...

Azərbaycanda yola qoyulan investisiyalar öz iqtisadi səmərəsini verəcək – Prezident İlham Əliyev

Siyasət Materials 13 Avqust 2010 00:10 (UTC +04:00)
Azərbaycanın inkişafı üçün yol tikintisi çox mühüm rol oynayır. Bütün istiqamətlərdə yollar tikilir - kənd yolları, şəhərlərarası yollar, magistral yollar. Azərbaycanın inkişafına bunun çox böyük dəstəyi, köməyi vardır.
Azərbaycanda yola qoyulan investisiyalar öz iqtisadi səmərəsini verəcək – Prezident İlham Əliyev

Azərbaycanın inkişafı üçün yol tikintisi çox mühüm rol oynayır. Bütün istiqamətlərdə yollar tikilir - kənd yolları, şəhərlərarası yollar, magistral yollar. Azərbaycanın inkişafına bunun çox böyük dəstəyi, köməyi vardır. Bu, çox böyük maliyyə vəsaiti tələb edən layihələrdir və yola qoyulan investisiyalar öz iqtisadi səmərəsini bəlkə 10 ildən, 15 ildən sonra verəcəkdir, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonuna səfəri çərçivəsində Bakı-Rusiya Federasiyası sərhədi yolunun üzərində yerləşən Şabran dairəvi yolu və körpü kompleksinin açılışında çıxışı zamanı bildirib.

"Amma bizim üçün əsas odur ki, ölkəmizin inkişafı təmin olunsun, bütün regionlarda müasir infrastruktur yaradılsın. Yol tikintisi hər bir bölgənin iqtisadi inkişafını şərtləndirən amillərdən biridir. Mən əminəm ki, bu yolun istismarı nəticəsində bütün bu bölgədə, şimal bölgəsində iqtisadi inkişaf, sənaye müəssisələrinin yaradılması, turizmin inkişafı daha da sürətlə gedəcəkdir. Nəzərə alsaq ki, Quba-Qusar bölgəsində turizm potensialımız çox böyükdür, orada böyük işlər görülür, Azərbaycanda ən böyük turizm mərkəzi yaradılır - bu yolun yüksək səviyyədə olması əlbəttə ki, turizmin inkişafına da kömək göstərəcəkdir" İlham Əliyev nitqində söyləyib, məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Körpünün açılışı münasibətilə təbrik edən dövlət başçısı bildirib ki, gözəl, nadir körpüdür.

"Bu, Azərbaycanda son illər ərzində tikilən körpülərin içərisində ən uzun körpüdür. Yəni bu, onu göstərir ki, Azərbaycan şirkətləri belə böyük layihələri icra etməyə qadirdir. Çox şadam ki, yerli şirkət bu işi böyük keyfiyyətlə görübdür. İndi yol həm rahatlıq gətirəcək, həm də bunun təhlükəsizlik baxımından böyük əhəmiyyəti vardır. Artıq Şabranın içindən yol keçməyəcək və təhlükəsizlik baxımından da bunun böyük əhəmiyyəti vardır" Prezident qeyd edib.

İlham Əliyevin sözlərinə görə, bütövlükdə Azərbaycanda son illər ərzində yol tikintisinə çox böyük diqqət göstərilir və bu işlərlə məşğul olan bütün qurumlar - dövlət qurumları, özəl şirkətlər bütün işləri çox yüksək peşəkarlıqla görürlər.

"Bu işlər göz qabağındadır. Bunları danmaq, görməmək mümkün deyildir. Azərbaycan vətəndaşları hər gün görülən bu işləri görürlər və ondan istifadə edirlər.
Bütün bu işlərə görə mən sizə minnətdarlığımı bildirmək istəyirəm, uğurlar arzulayıram. Əminəm ki, gələcəkdə Azərbaycanda yol tikintisi sahəsində hələ çox işlər görüləcəkdir. Bizdə bütün proqramlar, planlar, maliyyə resursları vardır. Bir şey qalır ki, bütün bu işlər yüksək keyfiyyətlə və qısa müddət ərzində görülsün. Bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bir daha demək istəyirəm, məni ən çox sevindirən odur ki, bütün bu işləri yerli şirkətlər, yerli fəhlələr, mühəndislər, işçilər görüblər. Əminəm ki, siz bundan sonra da bütün işləri yüksək keyfiyyətlə görəcəksiniz" dövlət başçısı deyib.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verərək bildirdi ki, Nəqliyyat Nazirliyinin sifarişi ilə Bakı-Rusiya Federasiyası dövlət sərhədi yolunun tikintisinə 2008-ci ilin martında başlanılıb. İnşaat işlərinə 7 min işçi qüvvəsi və 3 minədək xüsusi texnika cəlb olunub. Tikinti işləri mərhələlərlə aparılıb.
Körpünün ümumi uzunluğu 540 metr, eni də, hündürlüyü də 23 metrdir. Hərəkət hissəsi 4 zolaqdan ibarət olan körpünün hər iki tərəfində piyadalar üçün 1,5 metr enində səki salınıb. Körpünün üzərindəki ayırıcı zolaqda müasir işıqlandırma sistemi quraşdırılıb.
Nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi üçün körpünün üzərində iki qoruyucu sədd düzəldilmişdir. Üçmərtəbəli dayaqlar üzərində tikilmiş körpü 16 aşırımdan ibarətdir. Hər aşırımın uzunluğu 32 metrdir.
Körpü 8-9 ballıq seysmik təsirlərə davam gətirməyə hesablanmışdır. Baş verə biləcək sel və daşqınlarla bağlı etibarlı mühafizə sistemi yaradılmışdır.

Prezident İlham Əliyevə məlumat verilmişdir ki, körpünün inşa edildiyi ərazi sürüşmə zonası hesab edilir. Xarici mütəxəssislərin də yaxından iştirakı ilə aparılan müzakirələrdən sonra dairəvi yolun bir hissəsini təşkil edən 2 kilometrlik sürüşmə ərazisindən 4 milyon kubmetr torpaq daşınmış və digər tədbirlər görülmüşdür. Beynəlxalq əhəmiyyətli Bakı-Rusiya Federasiyası dövlət sərhədi yolunun üzərində yeni körpü kompleksinin inşa edilməsi ilə Şabran şəhərinin mərkəzində yaranan tıxac problemi həllini tapmışdır.

Dövlətimizin başçısına respublikanın avtomobil yollarının yenidən qurulması ilə bağlı yeni layihələr barədə də məlumat verildi.

Bizim yol-tikinti işlərimiz nəinki magistral yolları, eyni zamanda kənd yollarını da əhatə edir. Kənd yollarına, onların tikintisinə böyük ehtiyac vardır. Ən ucqar yerlərdə, ən ucqar kəndlərdə bu yol tikintisi davam edəcəkdir. Azərbaycanın bütün bölgələrində insanlar yaxşı yoldan istifadə etməlidirlər, bunu isə Azərbaycan Prezidenti İlham Əliyev Samur-Həzrə yolunun açılışından sonra Qusar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.  Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Mən sizi ürəkdən təbrik edirəm. Bildiyiniz kimi, mən bir il bundan əvvəl yolun çəkilişi ilə bağlı müvafiq sərəncam imzalamışdım. Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdı ki, bu yol tikilsin. Qusar sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, biz bütün bu işləri gördük və artıq yüksək keyfiyyətə malik olan yol istismara verilir. İndi verilən məlumata görə, yol 16 min əhaliyə xidmət göstərəcəkdir. 27 qəsəbə və kənd bu yolun üstündə yerləşibdir. Yəni bu, insanlara rahatlıq verəcəkdir. Burada şəkillərdə göstərilir ki, əvvəlki yol hansı vəziyyətdə idi, ona heç yol demək olmazdı, insanlar əziyyət çəkirdilər. İndi isə bu gözəl yol uzun illər, onilliklər ərzində insanlara xidmət göstərəcəkdir. Hesab edirəm ki, bu, çox mühüm hadisədir. Bu, onu göstərir ki, bizim yol-tikinti işlərimiz nəinki magistral yolları, eyni zamanda kənd yollarını da əhatə edir. Kənd yollarının tikintisi gələcək illərdə daha da geniş sürətlə aparılacaqdır. Çünki magistral yollara gəldikdə, demək olar ki, bütün əsas magistralların tikintisi uğurla davam edir. Bu gün Bakı-Quba yolunun bir hissəsi istismara verilibdir. Çox böyük keyfiyyətə malik olan bir yoldur. Bütün başqa istiqamətlərdə - Bakı-Rusiya, Bakı-Gürcüstan, Bakı-İran sərhədi yollarının tikintisi, demək olar ki, bu il və gələn il ərzində başa çatmalıdır. kənd yollarına, onların tikintisinə böyük ehtiyac vardır. Ən ucqar yerlərdə, ən ucqar kəndlərdə bu yol tikintisi davam edəcəkdir. Azərbaycanın bütün bölgələrində insanlar yaxşı yoldan istifadə etməlidirlər", İlham Əliyev nitqində söyləyib

Prezident İlham Əliyevin sözlərinə görə, bölgədə böyük turizm potensialı vardır.  "Yol inkişafdır, mədəniyyətdir. Yol olan yerdə inkişaf da olacaqdır. Qusar rayonunun, qonşu rayonların böyük turizm potensialı vardır. Yol olan yerdə biz bu imkanlardan daha da səmərəli şəkildə istifadə edəcəyik. Bildiyiniz kimi, Qusarda son illərdə çox sürətli inkişaf gedir. İnkişafın templəri məni qane edir. İqtisadi inkişaf, sənaye, turizm müəssisələrinin yaradılması - bütün bu sahələrdə işlər yüksək səviyyədədir. Son 5-6 il ərzində 17 məktəb tikilibdir, bir neçə məktəb təmir edilib, böyük xəstəxana tikilməkdədir.
Azərbaycanın turizm obyektləri arasında ən birinci yeri tutan Qusar-Şahdağ qış-yay turizm kompleksi tikilməkdədir. İndi orada gedən tikinti işləri ilə bu gün bir daha tanış olacağam. O kompleksin istismara verilməsi nəticəsində minlərlə yeni iş yeri açılacaq, rayon iqtisadiyyatına böyük investisiyalar qoyulacaq və beləliklə, Qusar rayonunun uzunmüddətli və uğurlu inkişafı təmin ediləcəkdir", dövlət başçısı deyib.

İlham Əliyevin sözlərinə görə, həm ölkənin iqtisadi inkişafına göstərilən diqqət, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılan tədbirlər, sosial proqramlar, maaşlar, pensiyalar, sənaye müəssisələrinin, turizm mərkəzlərinin tikintisi - bütün bunların bir məqsədi var ki, Azərbaycan vətəndaşları yaxşı, firavan yaşasınlar, dünyada mövcud olan ən yüksək standartlar Azərbaycanda istənilən sahədə tətbiq olunsun və beləliklə, ölkəmiz hərtərəfli inkişaf etsin.

"Regionlar inkişaf edir, paytaxt şəhərimiz inkişaf edir, rayon mərkəzləri gözəlləşir, abadlaşır - bax, inkişaf budur!   Mən Prezident kimi Qusara artıq beşinci dəfədir ki, səfər edirəm. Hər dəfə gələndə burada gördüyüm yeniliklər, inkişaf məni sevindirir. Əldə edilmiş bütün bu nailiyyətlərlə bağlı mən sizi ürəkdən təbrik edirəm. Demək istəyirəm ki, yolun tikintisi rayon icra hakimiyyətinə tapşırılmışdır və mən görürəm ki, bu iş böyük keyfiyyətlə və zövqlə görülübdür. Növbəti illərdə əlbəttə ki, digər kənd yollarının tikintisi üçün əlavə vəsait ayrılacaqdır. Azərbaycan dövləti güclü dövlətdir. Bizim güclü iqtisadiyyatımız, güclü maliyyə imkanlarımız vardır. Bütün bu imkanlar Azərbaycan xalqının, bölgələrimizin inkişafına yönəldilib. Bir daha bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Mənə yolun tikintisi ilə bağlı edilən müraciətlər səslənəndə söz vermişdim ki, biz yolun tikintisinə nail olacağıq və yolun açılışında mən şəxsən iştirak edəcəyəm. Bu gün mən sizinlə bərabərəm. Təbrik edirəm", Prezident deyib.

Qusar rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısına diqqət və qayğıya görə təşəkkürünü bildirdi, Prezidentin rayona keçmiş səfərindən söz açdılar. 

"Mən o günü yaxşı xatırlayıram. Olimpiya-İdman Kompleksinin açılışı zamanı yağış da yağdı, biz keçib içəridə oturduq, səmimi söhbət etdik. O vaxt da demişəm, bu gün də demək istəyirəm ki, mən Azərbaycanın inkişafı üçün çalışıram.Bölgələrə səfərlərimin məqsədi də məhz ondan ibarətdir ki, həm problemləri aşkar etmək, sizdən o problemləri eşitmək, hansı sahədə nə edilməlidir müəyyənləşdirmək, onları həll etmək və ondan sonra həll edilmiş problemləri, necə deyərlər, artıq görmək və bərabər sevinməkdir. Məni ən çox sevindirən məhz odur ki, Azərbaycanda hər gün hansısa bölgədə, hansısa rayonda hansısa müəssisə açılır, məktəb, xəstəxana tikilir, yol çəkilir. Budur əsas məqsədimiz. Yenə də demək istəyirəm, görülən bütün bu işlər bir neçə məqsədi güdür. Birinci növbədə, insanlar daha da yaxşı yaşasınlar, onların problemləri həll olunsun, yol çəkilsin", dövlət başçısı deyib.

Prezidentin sözlərinə görə, növbəti illərdə Qusar rayonunun problemlərinin həlli üçün bütün lazımi tədbirlər görüləcəkdir. Yeni yollar çəkiləcək, kənd təsərrüfatının inkişafı, sahibkarların, fermerlərin işinin yüngülləşdirilməsi, sənaye müəssisələrinin tikilməsi üçün bütün işlər görüləcəkdir.

"İndi Qusar rayonunda qazlaşdırma prosesi sürətlə gedir. Mənə verilən məlumata görə, bir neçə kəndə yeni qaz xətləri çəkilmişdir. Bu proses davam etdirilir və göstəriş vermişəm ki, Qusarın kəndlərinə qaz təchizatı maksimum dərəcədə təşkil edilsin.
İnsanların sağlamlığı - Qusarda tikilən 230 çarpayılıq böyük xəstəxana demək olar ki, burada bütün sağlamlıq problemlərini həll edəcəkdir, həm diaqnostika, müayinə, əməliyyatlar, müalicə. Yəni bu, insanların sağlamlığı deməkdir.
Məktəblər - mən qeyd elədim, 17 məktəb nə deməkdir? Bu, bizim gələcəyimizdir. Həm uşaqlar yaxşı məktəblərdə oxuyacaqlar, həm də ki, bu, müəllimlərin iş şəraitidir. Ondan sonra Qusarda Olimpiya Kompleksi tikilmişdir. Onun açılışında bərabər iştirak etmişdik. Bu da fiziki və mənəvi cəhətdən sağlamlıqdır. Xüsusilə Qusar əhalisi idmana çox meyillidir. Qusardan çıxmış çox görkəmli idmançılarımız vardır və gənc nəsil də yetişməlidir. Onlar həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlam, vətənpərvər olmalıdırlar. Yəni bu, elə vətənpərvərlik tərbiyəsinin bir istiqamətidir.
Burada dağ turizm mərkəzi tikilir. Qusar dünya miqyaslı bir turizm mərkəzinə çevriləcəkdir. Orada görülən işlər dünyanın aparıcı ölkələrində görülən işlərdən zərrə qədər də geri qalmır. Bu işlər bəzi hallarda orada olan işlərdən üstün görülür. Çünki biz artıq onların təcrübəsini bilirik və o təcrübəni burada müasir səviyyədə tətbiq edirik. Bir-iki ildən sonra siz həm ölkə daxilindən, həm xaricdən buraya turistlərin axınını görəcəksiniz. Bu, həm inkişafa aparan yoldur, eyni zamanda, böyük dəyər gətirəcək bir sahədir. Dünyada ölkələr turistləri cəlb etmək üçün bir-biri ilə rəqabət aparır. Qusarı mərkəzə, necə deyərlər, Azərbaycanın bir nömrəli turizm bölgəsinə çevirmək düşünülmüş və məqsədyönlü bir addımdır. Yəni, hər bir istiqamətdə görülən bu işlər cəmləşəndə artıq böyük dəyər təşkil edir.
Artıq görülən bu işlər ki var, bir rayonun timsalında onu göstərir ki, biz hər şeyə qadirik. Təki güclü iradə olsun, o da var, xalqla iqtidarın birliyi olsun, o da var və düşünülmüş siyasət olsun, o da vardır. Beləliklə, ölkəmiz qabağa gedəcək və dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir.
Bir daha sizi ürəkdən təbrik edirəm və gələcəkdə biz hələ tez-tez görüşəcəyik. Çünki əminəm ki, Qusarda belə gözəl açılışlar hələ çox olacaqdır", dövlət başçısı deyib.

Xəbər lenti

Xəbər lenti