...

Azərbaycanın müxalif partiyasına qurultay keçirmək üçün yer ayrılıb

Siyasət Materials 18 Avqust 2010 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir T.Hacıyev/

Nizami Rayon İcra Hakimiyyəti qurultay keçirmək üçün AXCP-yə "Təbriz" kinoteatrını təklif edir. Bu barədə çərşənbə günü Trend-ə AXCP-nin sədr müavini Nurəddin Məmmədli məlumat verib.

"Biz artıq həmin kinoteatra baxmışıq. Qurultayın keçirilməsi üçün normal şərait var, lakin bizim başqa yerlərlə də danışığımız olub. Ola bilər ki, qurultay "Təbriz" kinoteatrında yox, başqa yerdə keçirilsin. Hazırda başqa yerlərlə danışıqlar aparırıq," - Məmmədli əlavə edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası avqustun 21-də qurultay keçirməyi planlaşdırırdı. Qurultayın keçirilməsi üçün yer müəyyən olunmadığına görə, tədbir qeyri-müəyyən müddətə təxirə salınmışdı.

Məmmədlinin sözlərinə görə, qurultayın orada keçirilməsi iştirakçıların sayı baxımından da mümkündür.

"Biz qurultayda iştirak etmək üçün 600 və ya 700 nəfər müəyyənləşdirmişdik. Yəni əsas və əlavə siyahılar mövcuddur. Tədbiri "Təbriz" kinoteatrında keçirəcəyimiz təqdirdə, 600 nəfər dəvət edəcəyik. Çünki həmin kinoteatr 600 nəfərlikdir", - Məmmədli deyib.

Partiya funksioneri bildirib ki, qurultayın səlahiyyətli hesab olunması üçün dəvət olunan iştirakçıların yarısının gəlməsi də kifayətdir.

"Qurultayın səlahiyyətli hesab olunması, yetərsayın təsdiq olunması üçün "50+1" formatı kifayət edir. Yəni dəvət olunan iştirakçıların 351 nəfəri gələrsə belə, qurultay səlahiyyətli hesab olunacaq", - Məmmədli deyib.

Azərbaycan Xalq Cəbhəsi Azərbaycan Milli Azadlıq Hərəkatı zamanı gizli şəkildə 1989-cu ildə təsis olunub. Partiya kimi 1995-ci ildə qeydiyyatdan keçib. 2000-ci ilin avqust ayında partiya sədri Əbülfəz Elçibəyin vəfatından sonra ideoloji səbəblərdən partiya iki hissəyə -Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qollarına bölünüb.

Qurulatıyın vaxtına gəlincə, Məmmədli deyib ki, bunun üçün partiyanın rəyasət heyəti toplanıb qərar verməlidir: "Rəyasət heyətinin növbəti toplantısının vaxtı müəyyən olunmayıb. Ehtimal olunur ki, gələn həftə rəyasət heyətinin toplantısı keçirilsin və qurultayın vaxtı ilə bağlı qərar qəbul olunsun," - Məmmədli bildirib.

Xəbər lenti

Xəbər lenti