Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri hesab edir ki, namizədlərin qeydiyyatını mövcud qanunvericilikdə olduğundan artıq sadələşdirmək mümkün deyil.
"Azərbaycanda seçki qeydiyyatı məsələləri çox sadədir və bundan artıq sadələşdirmək mümkün deyil - namizəd cəmi 450 imza toplamalıdır ki, bu da həmin dairənin, təxminən, 1 faizi qədəri edir", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə MSK sədri Məzahir Pənahov bildirib.
ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel bazar ertəsi MSK-da aşağı seçki komissiyalarının üzvləri üçün keçirilən seminarda çıxışı zamanı bildirib ki, Azərbaycanda deputatlığa namizədlərin qeydiyyatı proseduru daha da sadələşdirilməlidir. Onun fikrincə, qeydiyyatla bağlı tələb olunan sənədlərin sayının azaldılması daha məqsədəuyğundur.
Pənahov hesab edir ki, imkan daxilində MSK maksimum dərəcədə çalışır ki, qeydiyyatla bağlı namizədlər və komissiya arasında anlaşılmazlıq meydana çıxarsa, MSK qanun çərçivəsində problemin namizədin xeyrinə həll olunmasına çalışır.
Azərbaycanda Parlament seçkisinin noyabrın 7-də keçirilməsi nəzərdə tutulur.