Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir M.Əliyev/
Bu il Azərbaycanda keçiriləcək Parlament seçkilərində KİV-in fəaliyyətini məhdudlaşdıran heç bir inzibati resursdan istifadə olunmayacaq. Bunu ATƏT Bakı Ofisinin təşkilatçılığı ilə "Seçkilərin mediada əks etdirilməsi" mövzusunda keçirilən "dəyirmi masa"dakı çıxışında Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Biz bu prosesin şəffaf, ədalətli keçirilməsini istəyirik", - Əli Həsənov deyib.
Onun sözlərinə görə, demokratik cəmiyyətdə seçki prosesi üç mərhələdən - seçkilərə hazırlıq və onun təşkili, cəmiyyəti seçkilərə hazırlamaq, daha doğrusu, maarifləndirmə işlərinin aparılması, eləcə də seçkilərin özünün keçirilmə prosesindən ibarətdir.
Azərbaycanda Parlament seçkiləri noyabrın əvvəllərində keçiriləcək.