...

Azərbaycanda seçkilərin təşviqat və təbliğatı üçün ayrılmış vəsaitin ləğv olunması, onların bərabər şəraitdə mübarizələrinə imkan yaradacaq - MSK üzvü

Siyasət Materials 24 Avqust 2010 11:06 (UTC +04:00)
Namizədlərə təşviqat və təbliğat üçün ayrılmış vəsaitin ləğv olunması, onların bərabər şəraitdə mübarizə aparmalarına imkan yaradacaq
Azərbaycanda seçkilərin təşviqat və təbliğatı üçün ayrılmış vəsaitin ləğv olunması, onların bərabər şəraitdə mübarizələrinə imkan yaradacaq - MSK üzvü

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir T.Hacıyev/

Seçki Məcəlləsinin müvafiq maddəsinə edilmiş dəyişikliyə əsasən, namizədlərə təşviqat və təbliğat üçün ayrılmış vəsaitin ləğv olunması namizədlərin bərabər şəraitdə mübarizə aparmalarına imkan yaradacaq, - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı MSK üzvü Ramiz İbrahimov bildirib.

İbrahimov bildirib ki, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçki fondları üzrə xüsusi seçki hesabları Azərbaycan Beynəlxalq Bankının rayon filiallarında açılmalıdır. Əgər müvafiq rayonda belə bir hesab yoxdursa, hesabın başqa bankda açılmasına baxıla bilər.

MSK üzvünün sözlərinə görə, namizədlərin seçki fondunun yuxarı həddi artırılıb.

"Hər bir namizəd üçün bu məbləğ 500 min manat həddində nəzərdə tutulub. Lakin həmin vəsait namizədin öz şəxsi vəsaiti hesabına formalaşa bilər. Eyni zamanda, siyasi partiyalar və seçki blokları namizədə 150 min manatdan çox olmayaraq maliyyə vəsaiti ayıra bilər. Hər bir vətəndaş namizədin hesabına 3 min manatdan çox olmayaraq, hüquqi şəxslər isə 50 min manatdan çox olmamaqla maliyyə vəsaiti köçürə bilərlər", - İbrahimov əlavə edib.

Avqustun 23-də başlanmış kurslar avqustun 29-dək davam edəcək. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək.

Azərbaycanda Parlament seçkisinin noyabrın 7-də keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti