Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda müxalifət anlayışının dəyişməsinə ehtiyac var. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Trend BİA-nın mətbuat konfransı zalında keçirilən "İslahat" seçki blokunun yaradılmasına həsr olunmuş mətbuat konfransında müxalif Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib.
"Bu blokun yaranmasının əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanda müxalifət anlayışının dəyişməsinə ehtiyac var. Bəzən bunu bir sıra siyasi dairələrdə, guya, barışmaz mövqelərdə dayanan partiyalar iqtidaryönlü hesab edirlər. Bu, belə deyil. Biz müxalifətçilikdə yeni ənənələr yaratmaq üçün bu bloku yaradırıq".
Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyaları arasında "İslahat" seçki blokunun yaradılması haqqında saziş imzalanıb.
Artıq müxalif Demokrat və Ümid partiyaları "Qarabağ" seçki bloku yaradıblar. Həmçinin, müxalif Liberal, Yaşıllar, Vətəndaş və İnkişaf partiyaları da seçki bloku yaradıldığını elan ediblər.
Azərbaycanda Parlament seçkilərinin noyabrın 7-də keçirilməsi nəzərdə tutulur.
Mustafa yeni müxalifət formatından da danışıb.
"Müxalifətin hakimiyyətlə münasibətləri qanunla təmin olunmalıdır. Müxalifətçilik haqqında qanun qəbul edilməli, müxalifətin legitimliyi hakimiyyət tərəfindən tanınmalıdır. Azərbaycanda küçələrdə döyülən, söyülən, cəmiyyətdən izolə olunan müxalifət lazım deyil", - Mustafa deyib.
BAXCP sədri Qüdrət Həsənquliyev blokun gələcək planlarından danışıb.
"Bu blok təkcə üç partiyanı özündə birləşdirməyəcək, digər partiyalar üçün də açıq olacaq. Başqa partiyalar da bu bloka qoşula bilərlər. "Təkamül" partiyası da bu bloka qoşulmaq niyyətindədir", - Həsənquliyev deyib.