...

Azərbaycan, Rumıniya, Gürcüstan prezidentləri və Macarıstanın Baş naziri AGRI layihəsinə dair Bakı Bəyannaməsini imzalayıblar

Siyasət Materials 14 Sentyabr 2010 17:09 (UTC +04:00)
Sentyabrın 14-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Rumıniya Prezidenti Trayan Beseskunun, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin və Macarıstanın Baş naziri Viktor Orbanın görüşü olub.
Azərbaycan, Rumıniya, Gürcüstan prezidentləri və Macarıstanın Baş naziri AGRI layihəsinə dair Bakı Bəyannaməsini imzalayıblar

Sentyabrın 14-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Rumıniya Prezidenti Trayan Beseskunun, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin və Macarıstanın Baş naziri Viktor Orbanın görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev tədbir keçirilən binada Rumıniyanın və Gürcüstanın prezidentlərini, Macarıstanın Baş nazirini qarşılayıb. Görüş iştirakçıları əvvəlcə rəsmi foto çəkdiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan-Gürcüstan-Rumıniya Interconnector" (AGRİ) layihəsinə həsr olunmuş görüşü açaraq, qonaqları salamlayıb.

Dövlətimizin başçısı Azərbaycanda neft və qaz hasilatının tarixi haqqında danışaraq bildirib ki, ölkəmiz dünyada neft hasil edən ilk ölkələrdən biridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra neft və qaz yataqlarının işlənməsində beynəlxalq şirkətlərlə əməkdaşlığa başlayıb.

Azərbaycanın enerjidaşıyıcılarının ixracında şaxələndirmə siyasətinə üstünlük verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, neftin və qazın müxtəlif istiqamətlərdə nəqli üçün ölkəmizdə yaxşı infrastruktur yaradılıb, yeni boru kəmərləri çəkilib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan enerji sahəsində regional və beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir.

"Azərbaycan-Gürcüstan-Rumıniya Interconnector" layihəsinin enerji sahəsində əməkdaşlıqda yeni mərhələ açdığını vurğulayan Prezident İlham Əliyev layihənin böyük potensialı olduğunu deyib.

Gürcüstan Prezidenti Mixail Saakaşvili regional enerji əməkdaşlığında Azərbaycanın rolunu xüsusi vurğulayıb. O, enerjidaşıyıcılarının nəqlində Gürcüstanın tranzit rolu barədə danışıb.

Rumıniya Prezidenti Trayan Besesku AGRI layihəsinin ölkəsi üçün əhəmiyyətindən söhbət açıb. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi vurğulayıb.

Macarıstanın Baş naziri Viktor Orban bu layihəyə qoşulmağın ölkəsi üçün əhəmiyyətini vurğulayıb. Baş nazir qeyd edib ki, Macarıstan AGRI layihəsində fəal iştirak etməyə hazırdır.

Azərbaycan Prezidenti bir daha Bakıya gələn dövlət və hökumət başçılarına minnətdarlıq edib və bu görüşün layihənin həyata keçirilməsində mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Sonra Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev "Azərbaycan-Gürcüstan-Rumıniya Interconnector" layihəsi ilə bağlı təqdimatla çıxış edib.

Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixail Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban AGRI layihəsinə dair Bakı Bəyannaməsini imzalayıblar.

Daha sonra dövlət və hökumət başçıları birgə mətbuat konfransı keçiriblər.

Prezident İlham Əliyev Bakı Bəyannaməsinin imzalanması münasibətilə təbriklərini çatdırıb.
Qeyd edib ki, ölkələrimiz yaxşı işləyərək müsbət nəticəyə nail olublar.

"Biz böyük inkişafın ərəfəsindəyik və bizim güclü iradəmiz vardır", - deyən Prezident İlham Əliyev ölkəmizin malik olduğu nəhəng enerji infrastrukturundan danışıb.

Dövlətimizin başçısı deyib ki, Azərbaycanın enerji sahəsində nadir təcrübəsi vardır və tərəflərin maraqlarının tarazlığı AGRİ layihəsinin də həyata keçirilməsinin vacib şərtidir.

"Biz burada tarix yazırıq", - deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, şaxələndirmə enerji təhlükəsizliyinin vacib elementidir. Hazırda Azərbaycanın 7 neft-qaz kəməri vardır və bu kəmərlər ölkəmizin neft və qazını müxtəlif istiqamətlərə nəql edir.

Prezident İlham Əliyev qeyd edib ki, hazırda Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edir. Milli təhlükəsizliyin ayrılmaz hissəsi olan enerji təhlükəsizliyi indi dünyada vacib amildir. Azərbaycanda bu il 28 milyard kubmetr qazın hasil olunmasının nəzərdə tutulduğunu deyən dövlətimizin başçısı yerli təlabatın ildə 10-11 milyard kubmetr təşkil etdiyini vurğulayıb. Bildirib ki, qalan hissə ixrac olunmaqla yanaşı, anbarlara da vurulur. Azərbaycanın indiki ixrac səviyyəsi isə ölkəmizin digər layihələrdə iştirakını məhdudlaşdırmır.

"Avropanın enerji təhlükəsizliyi Azərbaycan üçün də maraqlıdır və bu təhlükəsizliyin təmin olunması ölkəmiz üçün də geniş imkanlar açacaq", - deyən Prezident İlham Əliyev bundan sonra layihənin texniki əsaslandırma və maliyyə məsələlərinin həllinə nail olunmasının vacibliyindən danışıb, bu məsələdə beynəlxalq maliyyə qurumlarının iştirakının zəruriliyini qeyd edib.

Gürcüstan Prezidenti Mixail Saakaşvili Azərbaycan tərəfinə yüksək təşkilatçılığa görə təşəkkür edib. Bildirib ki, hər dəfə Bakıya gələndə yeniliklər görür. Bu da onu göstərir ki, Azərbaycanın inkişafı ilk növbədə xalqın rifahına xidmət edir. Gürcüstanın dövlət başçısı AGRİ layihəsində region ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin də iştirak etməsinin əhəmiyyətindən danışaraq bildirib ki, bu, özlüyündə mühüm hadisədir. Macarıstanın bu layihəyə qoşulması Avropanın enerji təhlükəsizliyinə yeni çalar gətirəcəkdir.

Rumıniya Prezidenti Trayan Besesku bildirib ki, bu layihənin icrası Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının uğurla həyata keçirilməsi üçün geniş imkanlar açır. Layihənin icrası həm də Xəzər regionu ilə Avropa ölkələri arasında əməkdaşlığa təkan verəcəkdir. "Macarıstanın bu layihəyə qoşulması onun etibarlılığı üçün mühüm elementdir", - deyən Trayan Besesku bildirib ki, layihə öz nadirliyi ilə səmərəliliyə əsaslanır və o, heç bir siyasi qərara söykənmir.

Layihənin icrası üçün əsas infrastrukturun mövcud olduğunu deyən Trayan Besesku bildirib ki, mühüm məsələ Rumıniyanın Konstansa və Gürcüstanın Kulevi terminallarının ərazilərində iki qaz terminalının inşasıdır. Bu da onu göstərir ki, bu, ən qənaətcil layihələrdəndir. Texniki əsaslandırma başa çatdıqdan sonra maliyyə məsələlərinin həllinə başlanacaqdır. Terminalların qurulmasına isə özəl sərmayələr cəlb olunacaqdır.

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana gəlməkdən şad olduğunu deyib. Əmin olduğunu bildirib ki, layihə çərçivəsində əməkdaşlıq səmərəliliyi ilə seçiləcəkdir və Macarıstan bu layihəyə sadiqdir.

Viktor Orban ölkəsinin Rumıniya ilə birlikdə bu layihənin Avropa qitəsində özünü doğrultması istiqamətində mühüm əməkdaşlıq edəcəyini də diqqətə çatdırıb və əmin olduğunu bildirib ki, bu layihə Avropa İttifaqına töhfə verəcəkdir.

Sonra dövlət və hökumət başçıları jurnalistlərin suallarını cavablandırıblar.

Xəbər lenti

Xəbər lenti