...

TÜRK PA-ya üzv dövlətlərin Bakı görüşündə Astanada keçiriləcək sessiyanın gündəliyi müzakirə ediləcək

Siyasət Materials 20 Sentyabr 2010 10:48 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRK PA) üzv dövlətlərin parlament aparatları rəhbərlərinin Bakı görüşünün sammitində Assambleyanın gələn ilin martında Astanada keçiriləcək sessiyasının gündəliyi müzakirə ediləcək.
TÜRK PA-ya üzv dövlətlərin Bakı görüşündə Astanada keçiriləcək sessiyanın gündəliyi müzakirə ediləcək

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/

Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRK PA) üzv dövlətlərin parlament aparatları rəhbərlərinin Bakı görüşünün sammitində Assambleyanın gələn ilin martında Astanada keçiriləcək sessiyasının gündəliyi müzakirə ediləcək, - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Türkiyə Böyük Millət Məclisinin baş katibi Sadettin Kalkan bildirib.

Onun sözlərinə görə, görüşdə TÜRK PA-nın büdcəsi də müzakirə olunacaq.

Azərbaycanda səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRK PA) üzv dövlətlərin parlament aparatlarının rəhbərləri sentyabrın 20-də Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Azərbaycan Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə Böyük Millət Məclisinin baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatının rəhbərinin müavini Murat Nurtleuov xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

29 sentyabr 2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) birinci plenar sessiyası keçirilib.

TÜRK PA sədrliyi rotasiya üsulu ilə - ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçir.

TÜRK PA Katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik qurumdur.

TÜRK PA-nın əsas məqsədləri parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq, milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması, türkdilli ölkələr və digər region ölkələri arasında qarşılıqlı surətdə faydalı və bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərmək və s.-dir.

Xəbər lenti

Xəbər lenti