...

Özbəkistan gənclərinin Azərbaycana səfəri başlanır

Siyasət Materials 27 Sentyabr 2010 10:23 (UTC +04:00)
Özbəkistan gənclərinin Azərbaycana səfəri başlanır.
Özbəkistan gənclərinin Azərbaycana səfəri başlanır

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir T.Hacıyev/

Özbəkistan gənclərinin Azərbaycana səfəri başlanır. Trend-in Azərbaycan Gənclər və İdman Nazirliyi mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bazar ertəsi başlanacaq səfər 2009-2010-cu illər üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Özbəkistan Respublikasının "Kamolot" Gənclər İctimai Hərəkatı arasında gənclər siyasəti sahəsində imzalanmış əməkdaşlıq planına müvafiq olaraq həyata keçirilir.

Müqaviləyə əsasən bu gündən etibarən, Azərbaycanda Özbəkistan gəncləri günlərinə start verilir. Bununla bağlı Özbəkistan Respublikasının "Kamolot" Gənclər İctimai Hərəkatı Mərkəzi Şurasının üzvləri, yaradıcı və fəal gənclərdən ibarət 20 nəfərlik nümayəndə heyəti Azərbaycana gəlib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Özbəkistan gəncləri günləri çərçivəsində hər iki ölkənin gənclər siyasəti ilə məşğul olan dövlət orqanları və qeyri-hökumət təşkilatları nümayəndələri, eləcə də bu ölkələrin fəal gənclərinin iştirakı ilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Dörd gün davam edəcək səfər çərçivəsində qonaqların Heydər Əliyev Fondu, Bakı Dövlət Universiteti ilə tanışlığı, Gənclər və İdman Nazirliyi, "İrəli" İctimai Birliyi və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqında görüşlər keçirmələri, "dəyirmi masa" ətrafında "Müasir gənclər siyasətinin prioritetləri" mövzusunda müzakirələrə qatılmaları planlaşdırılıb. Yaradıcı gənclərin görüşləri isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında gerçəkləşəcək.

Tədbirin proqramına, eyni zamanda, gənc rəssamların əsərlərindən ibarət sərginin keçirilməsi və konsertin proqramı da daxildir.

Sərgidə Özbəkistan və Azərbaycan gənc rəssamlarının rəngkarlıq, qrafika və dekorativ-tətbiqi sənət əsərləri, eləcə də Özbəkistanda uşaq və yeniyetmələr arasında "Siz Azərbaycan haqqında nə bilirsiniz?" mövzusunda keçirilən müsabiqəyə təqdim olunmuş rəsm işləri nümayiş etdiriləcək.

Tədbirlər paytaxt Bakı ilə yanaşı, Sumqayıt şəhərində də keçiriləcək. Hər iki şəhərdə yaradıcı gənclər konsert proqramı ilə çıxış edəcək, Özbəkistanın milli mətbəx mədəniyyəti ilə tanışlıq məqsədilə "Milli mətbəx axşamı" adlı tədbirə qatılacaqlar.

Bundan başqa, Özbəkistan gəncləri günləri ərəfəsində qonaqlar Bakı və Sumqayıt şəhərlərində Azərbaycanın tarixi və mədəni abidələri ilə tanış olacaq, Qala Etnoqrafiya Muzeyinə ekskursiya edəcəklər.

Xəbər lenti

Xəbər lenti