...

Azərbaycan hökuməti təhsil müəssisələrinin akkreditasiyası qaydalarını təsdiq edib

Siyasət Materials 30 Sentyabr 2010 15:33 (UTC +04:00)
Azərbaycan hökuməti "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nı təsdiq edib.
Azərbaycan hökuməti təhsil müəssisələrinin akkreditasiyası qaydalarını təsdiq edib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nı təsdiq edib.

Nazirlər Kabinetinin cümə axşamı yaydığı məlumata görə, Kabinetin məlum qərarı ilə "Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qərar qüvvədən düşmüş hesab edilib.

Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına uyğun hazırlanıb və Azərbaycan ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası məsələlərini tənzimləyir.

Qaydalarda deyilir ki, təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmış dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır.

Qaydalar təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.

Təhsil müəssisəsinin akkreditasiyası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Akkreditasiyanın keçirilməsinə qoyulan tələblər və meyarlar Nazirlik tərəfindən müəyyənləşdirilir.

Təhsil müəssisələrinin akkreditasiyası ­­­­­­akkreditasiyanın keçirilməsinə hazırlıq, təhsil müəssisəsinin özünütəhlili, Akkreditasiya Komissiyasının təhlil aparması, akkreditasiya haqqında yekun arayışın hazırlanması, təhsil müəssisəsinin statusunun müəyyən edilməsi və müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi mərhələlərindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti