...

İstintaq Azərbaycanın xalq artisti Faiq Ağayevdən təkrar ifadə alacaq

Siyasət Materials 13 Oktyabr 2010 12:31 (UTC +04:00)
Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Asif Behbudov çərşənbə günü Trend-ə bildirib ki, Faiq Ağayevin xəstəxanada keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalarla bağlı xalq artistindən ifadə alınacaq.
İstintaq Azərbaycanın xalq artisti Faiq Ağayevdən təkrar ifadə alacaq

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

İstintaq Azərbaycanın xalq artisti Faiq Ağayevdən təkrar ifadə alacaq.

Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Asif Behbudov çərşənbə günü Trend-ə bildirib ki, Faiq Ağayevin xəstəxanada keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalarla bağlı xalq artistindən ifadə alınacaq.

"Faiq Ağayev xəstəxanada olduğundan, həmin açıqlamaları ilə bağlı onu dindirə bilmədik. Yaxın günlərdə verdiyi açıqlamaları ilə bağlı onu təkrar dindirəcəyik", - müstəntiq vurğulayıb.

Faiq Ağayev xəstəxanada keçirdiyi mətbuat konfransında aldığı bıçaq yaralarından, ən azı, ikisinin Natəvan Şərifova tərəfindən vurulduğunu bildirmişdi.

"Ən azı, iki bıçaq yarasını Natəvan adlı həmin qadın mənə vurub. Sadəcə, işi yüngülləşdirmək, dəstə şəklində cinayət törətmədiklərini sübut etmək üçün Rüfətin bıçaqladığını deyirlər. Rüfət birmənalı şəkildə qeyri-rəsmi münasibətdə olduğu Natəvan adlı qadını qorumaqla, cinayəti öz üzərinə götürməklə işi yüngülləşdirməyə çalışır", - deyə Faiq Ağayev açıqlama verib.

Müstəntiq bildirib ki, Ağayev ilkin ifadəsində Şərifova tərəfindən ona bıçaqla xəsarət yetirməsi barədə heç bir fikir bildirməmişdi.

Behbudov, xalq artistindən ifadə alındıqdan sonra, Şərifovanın bu ittiham üzrə məsuliyyətə cəlb olunub-olunmayacağı barədə qərar qəbul ediləcəyini deyib.

Sentyabrın 27-də səhər saatlarında, Bakının Nəsimi rayonu ərazisində, keçmiş "Kubinka" adlanan yerdə xalq artisti Faiq Ağayevin özünəməxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Hadisəyə yol hərəkəti iştirakçıları arasında yaranan mübahisə səbəb olub. Mübahisə sonradan münaqişəyə çevrilib. Nəticədə, Ağayev və onun yanında olan iki nəfər çoxsaylı bıçaq xəsarətləri alıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Rüfət Məlikov barəsində 3 aylıq, Seymur Məmmədov barəsində isə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlikov Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərərvurma), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər urma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), Məmmədov isə 221.2.1-ci (bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Hadisənin iştirakçısı olmuş Natəvan Şərifova isə CM-nin 221.3-cü maddəsi ilə ittiham olunaraq, iki azyaşlı qızı olduğu üçün haqqında başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti