...

Azərbaycan Ali Məhkəməsinin hakiminin arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs cinayət törətdiyini etiraf edib (ƏLAVƏ OLUNUB-3)

Siyasət Materials 16 Oktyabr 2010 16:56 (UTC +04:00)
RED. əlavəsi: 11-ci abzasdan sonra Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatı əlavə olunub.
Azərbaycan Ali Məhkəməsinin hakiminin arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs cinayət törətdiyini etiraf edib (ƏLAVƏ OLUNUB-3)

RED. əlavəsi: 11-ci abzasdan sonra Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatı əlavə olunub.

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsinin hakimi Tapdıq Mahmudovun arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakı şəhər Prokurorluğundan şənbə günü Trend-ə verilən məlumata görə, Natəvan Mahmudovanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan şəxs 38 yaşlı Xalidə Balabəy qızı Əhmədovadır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adamöldürmə) maddəsi ilə başlanmış cinayət işi Bakı şəhər Prokurorluğunun icraatına verilib.

Dünən günorta saat 13:00 radələrində Çobanzadə küçəsi 47, mənzil 30 ünvanında yaşayan 39 yaşlı Natəvan Mahmudova naməlum şəxs tərəfindən qətlə yetirilib.

Məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə görə, Məmmədova yumşaq predmetlə tənəffüs yollarının tutulması (asfeksiya) nəticəsində boğularaq ölüb.

Məlumata görə, mərhum ev paltarında olub. Bu amil onun mənzilin qapısını tanışlarına açdığını və qətlin də məhz Mahmudovanın yaxın ətrafındakı şəxslər tərəfindən törədilməsini ehtimal etməyə əsas verir.

Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, saxlanılan şəxs Əhmədovanın Mahmudovaya 7 min manat məbləğində borcu olub. Üç ilə yaxındır borcu qaytarmayan Əhmədova mübahisə nəticəsində Mahmudovanı döşəklə boğaraq öldürüb.

Əhmədova ilə mərhumun əvvəlcədən tanışlıq münasibətləri olub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin şənbə günü yaydığı məlumata görə, keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 15-də Nizami rayonu, Çobanzadə küçəsində yaşadığı mənzildə qətlə yetirilmiş Mahmudovanın qətlində şübhəli bilinən Bakı şəhər sakini Əhmədova saxlanılıb.

Əhmədova ilkin ifadəsində tanışı Mahmudovanı qəsdən öldürdüyünü etiraf edib.

Müəyyən olunub ki, qətl tamah məqsədi ilə törədilib və mənzildən külli miqdarda pul və qızıl-zinyət əşyaları götürülüb.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin şənbə günü yaydığı birgə məlumata görə, 2010-cu il oktyabrın 15-də  saat 13:00 radələrində Bakı şəhəri, Çobanzadə küçəsi, 47 saylı binanın 30-cu mənzilində 1971-ci il təvəllüdlü Natəvan Həmid qızı Mahmudovanın üzərində zorakılıqla öldürülməyə xas əlamətləri olan meyiti aşkar edilib.

İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının ilkin rəyi ilə mərhum Natəvan Mahmudovanın bədəninin üz-çənə və diğər nahiyələrində qançırlar aşkarlanmış, onun ölümünə səbəbin isə ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması nəticəsində boğulma olması müəyyən edilmişdir.

Birgə məlumatda bildirilib ki, Mahmudovanı qətlə yetirən Əhmədovanın yaşadığı ünvanda aparılmış axtarış zamanı Natəvan Mahmudovaya məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, mərhumun  mənzilindən qarət etdiyi qızıl-zinət əşyaları və nağd pul aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti