...

Azərbaycanın müxalifət partiyası Müsavat Partiyasının nizamnaməsində dəyişiklik edilməsini zəruri sayır

Siyasət Materials 6 Dekabr 2010 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyası (AXCP) Müsavat Partiyasının nizamnaməsində dəyişiklik edilməsini zəruri sayır.

"Birləşmə ideyası o dərəcədə ciddi, sosial xarakterli bir vəzifədir ki, onun reallaşması üçün nizamnamədən irəli gələn müəyyən məqamları razılaşdırmaq olar",  - bazar ertəsi Trend-ə AXCP-nin sədr müavini Nurəddin Məmmədli bildirib.

Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və partiyanın sabiq Məclis sədri Sülhəddin Əkbər daha öncə Trend-ə açıqlamalarında bildiriblər ki, nizamnaməyə əsasən Müsavat heç bir partiya ilə birləşə bilməz. Yalnız digər partiyalar buraxılaraq Müsavata birləşə bilərlər.

Məmmədlinin sözlərinə görə, əgər bir tərəf güzəştə gedirsə, müvafiq formada digər tərəf də güzəştə getməlidir. Bununla müəyyən kompromislər tapıla bilər.

"Əgər birlik ideyası əsaslıdırsa, birlik üçün siyasi iradə varsa, bütün yerdə qalan məsələləri razılaşdırmaq olar", - Məmmədli deyib.

O, bildirib ki, birləşmə zamanı kiminsə aşağı və ya yuxarı tutulması məsələsi müzakirə obyekti ola bilməz.

"AXCP də ciddi təşkilatdır. İstənilən partiya qədər iddiamız ola bilər. Əgər bir tərəf güzəştə gedirsə, müvafiq formada digər tərəf də bunu etməlidir. Beləliklə müəyyən kompromislər tapıla bilər. Bu məsələni şərh edərkən fərdi münasibətlərə əsaslanmaq olmaz", - o, qeyd edib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyalarının birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat partiyasına birləşmək haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti