...

Azərbaycanın hakim partiyası müxalif Müsavat Partiyasında baş verən istefaların səbəbini açıqlayıb

Siyasət Materials 7 Dekabr 2010 14:07 (UTC +04:00)
Azərbaycanın hakim partiyası hesab edir ki, müxalif Müsavat Partiyasındakı istefalar baş verən təbii proseslərin nəticəsidir.
Azərbaycanın hakim partiyası müxalif Müsavat Partiyasında baş verən istefaların səbəbini açıqlayıb

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyası hesab edir ki, müxalif Müsavat Partiyasındakı istefalar baş verən təbii proseslərin nəticəsidir.

"Azərbaycan müxalifətinin bir hissəsi reallığı inkar etmək əsasında radikalçılıq, hətta radikalçılıqdan biraz irəli gedən fəaliyyət göstərir. İctimai dəstəkdən məhrum olan partiya indi məlum prosesləri yaşamalıdır", - çərşənbə günü Trend-ə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Noyabrın 29-da Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər tutduğu vəzifədən, Divan üzvü İbrahim İbrahimli isə partiya sıralarından istefa verib. Əkbər bu hərəkətini partiyanın strateji kursu ilə razılaşmamağı ilə əlaqələndirib. İbrahim İbrahimli isə partiya rəhbərliyinin ona etimad göstərmədiyini əsas gətirərək partiya sıralarını tərk edib.

Hər iki siyasətçinin noyabrın 30-da yaydığı birgə bəyanatda qeyd olunub ki, istefa vermələrinə səbəb Müsavatın daxilində bəzi qüvvələrin AXCP-Müsavat birliyinə mane olmasıdır.

Əhmədov bildirib ki, müxalifətdə çox ciddi dəyişikliklərin edilməsinə ehtiyac var.

"Bu, artıq sosial sifarişə çevrilib. Radikalçılıq, inkarçılıq əsasında, böhtan atmaqla siyasi fəaliyyət göstərmək, cəmiyyətin dəstəyini əldə etmək mümkün deyil", - YAP-ın sədr müavini deyib.

Onun sözlərinə görə, müxalifətdə seçki kampaniyalarında uduzanların yeniləri ilə əvəz olunmasına ehtiyac var.

Xəbər lenti

Xəbər lenti