Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Azərbaycanın Acarıstan Muxtar Respublikasındakı baş konsulu Hüseyn Nəcəfov muxtar respublikanın hökumətinin sədri Levan Varşalomidze ilə görüşüb.
Azərbaycanın Gürcüstanın Acarıstan Muxtar Respublikasındakı Baş Konsulluğunun çərşənbə axşamı yaydığı məlumata görə, bu gün keçirilən görüş zamanı Azərbaycan-Acarıstan münasibətlərinin cari vəziyyəti, onların keçmişi və gələcək perspektivləri müzakirə olunub.
Varşalomidze Azərbaycanın Acarıstandakı ilk baş konsuluna işlərində müvəffəqiyyətlər arzulayıb və bütün məsələlərdə köməklik göstərməyə hazır olduğunu qeyd edib.
Eyni gündə Nəcəfovun muxtar respublikanın hökumətinin sədr müavini, əmək, səhiyyə və sosial məsələlər üzrə nazir Levan Antadze, maliyyə və iqtisadi məsələlər üzrə nazir Vaja Bolkvadze ilə də görüşü baş tutub.
Bu il noyabrın 18-də baş konsul Nəcəfov konsul patentinin surətini Gürcüstan Xarici İşlər Nazirliyinin yüksəkrütbəli nümayəndələrinə təqdim edib.