...

2010-cu ildə YAP-ın mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib - sədr müavini

Siyasət Materials 23 Dekabr 2010 17:49 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) 2010-cu ili partiyanın həyatında uğurlu il kimi qiymətləndirib.
2010-cu ildə YAP-ın mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib - sədr müavini

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) 2010-cu ili partiyanın həyatında uğurlu il kimi qiymətləndirib.

"2010-cu ilin ictimai-siyasi hadisələri zəminində YAP-ın mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Əminliklə deyə bilərəm ki, YAP 2011-ci ilə böyük ümidlərlə daxil olur", - Trend-in məlumatına görə, bunu cümə axşamı hakim partiyanın saytına müsahibəsində Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bildirib.

Əhmədov bildirib ki, il ərzində Yeni Azərbaycan Partiyasının sıralarına 20 mindən çox yeni üzv daxil olub.

"YAP-ın sıralarında gənclərin sayı sürətlə artır. 2010-cu ildə partiyamızın sıralarına daxil olan yeni üzvlər arasında gənclərin üstünlük təşkil etməsi partiyamızın gələcək inkişaf perspektivləri baxımından geniş imkanlar açır", - YAP rəsmisi bildirib.

Əhmədovun sözlərinə görə, 2010-cu ilin əsas siyasi hadisəsi noyabr ayında keçirilən parlament seçkiləri sayılır.

Seçkilərin nəticəsinə görə, Yeni Azərbaycan Partiyasından 71 nəfər Milli Məclisdə təmsil olunmaq hüququ qazanıb ki, bu da parlamentdəki yerlərin 50 faizdən bir qədər çoxunu təşkil edir.

Əhmədov vurğulayıb ki, 2010-cu il seçki kampaniyası Azərbaycanın siyasi həyatı üçün artıq yenilik olmayan bir həqiqəti də yenidən təsdiqləyib.

"Bu isə ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının günü-gündən artan ictimai nüfuzu fonunda müxalifətin, xüsusilə, onun aqressiv hissəsinin mövqelərinin getdikcə zəiflədiyi faktı özünün təsdiqini tapıb. Güman edirəm ki, müxalifət partiyalarının mövqelərinin zəifləməsi onların bu günə qədər sərgilədikləri davranışlarının məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Reallıq ondan ibarətdir ki, Azərbaycan müxalifətinin əhəmiyyətli bir hissəsi sanki bir virtual məkanda mövcuddur. Onlar Azərbaycan reallıqlarından, xüsusilə, Azərbaycan seçicilərinin maraqlarından, düşüncələrindən, istəklərindən tamamilə kənar düşüblər", - deputat deyib.

Onun sözlərinə görə, hər bir siyasi təşkilat özünün dəstəyini yalnız seçicilərinin içərisində qazana bilər. Amma Azərbaycan müxalifətinin radikal qanadı daha çox özünün yaratdığı daxili problemlərlə məşğul olmaqdadır. Bu problemlər onların başını elə qarışdırıb ki, bütövlükdə ictimai proseslərdən kənarda qalıblar.

"Yeni Azərbaycan Partiyası ildən-ilə Azərbaycan cəmiyyətində öz mövqeyini möhkəmləndirir, sıralarını genişləndirir. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 530 minə yaxın insan cəmləşib. Bu, böyük bir qüvvədir. Yarım milyondan çox insanın Yeni Azərbaycan Partiyasının ətrafında birləşməsi partiyamızın istinad etdiyi Heydər Əliyev ideyalarına ictimai inamın sarsılmazlığından xəbər verir", - Əhmədov müsahibəsində bildirib.

Əhmədov 2010-cu ilin YAP-ın beynəlxalq əlaqələr sahəsində fəaliyyəti üçün də uğurlu il olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti