...

Serbiyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Siyasət Materials 20 Yanvar 2011 15:20 (UTC +04:00)
20 Yanvar faciəsinin 21-ci il dönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyində anım mərasimi keçirilib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat veriblər.
Serbiyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir T.Hacıyev/

20 Yanvar faciəsinin 21-ci il dönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyində anım mərasimi keçirilib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat veriblər.

Tədbirdə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri, təhsil alan azərbaycanlı tələbələr, KİV və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olub, sonra 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əmin olduqlarını diqqətə çatdırıblar.

Tədbir zamanı 1990-cı il 20 yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və mövcud rejimin, sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən söhbət açılıb, konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən bəhs edilib.

Sonra mərasim iştirakçıları "Azadlığa aparan yol" sənədli filminə baxıblar.

Səfirlik tərəfindən hazırlanmış, 20 yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən press-reliz xarici ölkələrin Belqrad şəhərindəki səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları və qeyri-hökumət təşkilatları arasında yayılıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına görə, istintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti