...

Xanım İrena Dyaqutyene: "Litva Seymində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul olunacaq"

Siyasət Materials 8 Fevral 2011 20:16 (UTC +04:00)
Fevralın 8-də Milli Məclisin spikeri Oqtay Əsədov Litva Seyminin Sədri xanım İrena Dyaqutyenenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xanım İrena Dyaqutyene: "Litva Seymində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul olunacaq"

Azərbaycan, Bakı, 8 fevral/Trend/

Fevralın 8-də Milli Məclisin spikeri Oqtay Əsədov Litva Seyminin Sədri xanım İrena Dyaqutyenenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Milli Məclisin spikeri bildirib ki, bu səfər ikitərəfli əlaqələrimizin inkişafına öz töhfəsini verəcək.

Bundan başqa, görüş zamanı vurğulanıb ki, Azərbaycan-Litva əlaqələri dinamik inkişaf edir, dövlət başçılarının  qarşılıqlı səfərləri münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verib, siyasi, iqtisadi sahələrdə əlaqələrimizin daha da dərinləşməsi üçün geniş imkanlar var.

Əsədovun sözlərinə görə, lakin ölkələrimiz arasında bugünkü ticarət dövriyyəsi mövcud potensiala cavab vermir. Bu gün Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə qoyuluşu üçün əlverişli imkanlar mövcuddur. Təkcə neft sahəsində deyil, kənd təsərrüfatı, turizm, humanitar sahələrdə də əlaqələrimizi genişləndirmək xalqlarımızın ümumi mənafeyinə uyğundur.

Sədr özünün iqtisadi inkişaf səviyyəsinə görə yerləşdiyi bölgədə söz sahibi olan Azərbaycanın Dağlıq Qarabağ kimi problemi olduğunu qonağın diqqətinə çatdırdı. Bildirildi ki, biz Litvanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk. Ümid edirik ki, bu il ATƏT-ə sədrlik edən Litva problemin ədalətli həllinə öz töhfəsini verəcək.

Spiker qeyd etdi ki, Azərbaycan ATƏT-in Minsk qrupundan qeyri-adi heç nə istəmir. Biz məsələyə beynəlxalq hüququn tələblərinə uyğun, qərəzsiz mövqedən yanaşmanın tərəfdarıyıq. Azərbaycanın 20 faiz ərazisini işğal etmiş Ermənistan BMT-nin 4 qətnaməsinə, problemlə bağlı nüfuzlu beynəlxalq qurumların qərarlarına məhəl qoymayaraq işğalçılıq siyasəti yeritməkdə davam edir. Biz beynəlxalq ictimaiyyəti bu məsələdə obyektiv olmağa çağırırıq.

Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq  Azərbaycan parlamentində olmaqdan məmnunluğunu dilə gətirdi. Qeyd edildi ki, Azərbaycan qısa zaman kəsiyində böyük inkişaf yolu keçmişdir. Cənubi Qafqazın bu ölkəsi Litva üçün çox maraqlıdır. Sabah Bakıda keçiriləcək Litva-Azərbaycan Biznes Forumu da əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım olacaq.

Xanım İrena Dyaqutyene ölkələrimiz arasında tələbə mübadiləsinin, hüquq-mühafizə orqanları və parlament aparatları arasında əlaqələrin genişləndirilməsinin yaxın zaman üçün perspektiv planda olduğunu ifadə etdi. Bildirildi ki, Avropa İttifaqının müxtəlif layihələri çərçivəsində gələcəkdə də əməkdaşlığımız davam etdiriləcək.

Azərbaycan Litvanın enerji təhlükəsizliyi baxımından çox əhəmiyyətli ölkədir. Xəzərin karbohidrogen ehtiyatlarının hasilatı, Avropaya, o cümlədən Litvaya çatdırılması diqqət mərkəzində olan məsələlərdəndir.

Söhbətdə Dağlıq Qarabağ problemindən söz açan qonaq Litvanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini bir daha bəyan etdi. O, qarşıdan gələn yaz sessiyasında Litva Seymində Dağlıq Qarabağ məsələsi ilə əlaqədar qətnamənin qəbul olunacağını diqqətə çatdırdı.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, ölkəmizin Litvadakı səfiri Nairə Şahtaxtinskaya, Litvanın fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti