Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Müdafiə Nazirliyi hərbi hissədə baş verən ağır cinayət hadisəsi ilə bağlı Ermənistan tərəfinin yaydığı şişirdilmiş məlumatları təkzib edir.
"Hərbi hissəmizdə baş verən məlum faciə duşməni fəallaşdırıb. O, bundan öz məqsədləri ücün istifadə etməyə çalışır. Dünən və bu gün Ermənistan silahlı bölmələrinin aramsız olaraq atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, biri isə yaralanıb. Təmas xəttində yaratdığı gərgin vəziyyəti öz üzərindən yayındırmaq üçün düşmən qəsdən günahı Azərbaycanın üzərinə yıxmağa cəhd göstərir. Üstəlik, onsuz da bizim ücün son dərəcə üzücü olan əsgərlərimizin itkisini də şişirdilmiş formada təbliğ etməyə calışır. Guya ki, ölənlərdən başqa daha 6 nəfər ağır yaralı var. Bunlar tamamilə yalandır", - Trend-in məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.
Sabiroğlu deyib ki, Azərbaycanın Müdafiə Nazirliyi və Hərbi Prokurorluğu birlikdə yaydıqları məlumatda hər şeyi olduğu kimi acıqlayıblar.
"Düşmənin seçimi məlumdur, bunu nəyə görə hesabladığı da sirr deyil. Ermənistanın kütləvi informasiya vasitələrində bu yalanların və uydurmaların özünə geniş yer tapması məhz həmin ölkənin Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirilir. Onlar əgər belə çürük toxumlarla nəyinsə cücərəcəyinə inanırlarsa, kökündən yanılırlar", - o, əlavə edib.
Fevralın 20-də Müdafiə Nazirliyinin Murovdağdakı hərbi hissədə baş verən insidentdə 7 əsgərimiz ölub.