Azərbaycan, Bakı, 27 fevral /Trend/
Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar fevralın 26-da Haaqada holland ictimaiyyətinin nümayəndələri, Hollandiyada akkreditə olunan diplomatik korpusunun əməkdaşları, azərbaycan və türk icmalarının yüzlərlə təmsilçisi, Niderlandda təhsil alan azərbaycan tələbələri və yerli qeyri-hökumət təşkilatlarının fəallarının iştirakı ilə anma mərasimi keçirilmişdir. Bu barədə Azərbaycanın Niderlanddakı səfirliyinin məlumatında bildirilir.
Xocalı faciənin ildönümü ilə bağlı tədbir Haaqada Xocalı soyqırımına həsr olunmuş abidənin yanında anma mitinqi ilə başlamışdır. Tədbiri acaraq Niderland Azərbaycan Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşqın Xocalı hadisələri haqqında danışmış, soyqırımı törədənlərin cəzalandırılmasına çağırmış, bu cür faciənin bir daha təkrarlandırılması istiqamətində addımların atılmasının vacibliyini vurğulamış, soyqırımın Avropa ictimaiyyətinə tanıdılması istiqamətində daha fəal işin görülməsi zəruriyyətini qeyd etmişdir.
Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin təmsilçisi Elxan Ələsgərov ermənilərin törətdiyi amansız vəhşiliklər barədə iştirakçılara məlumat vermiş, "Xocalıya ədalət" beynəlxalq kampaniyası təşəbbüsü ilə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılmasını, Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər gördüklərini iştirakçıların diqqətinə çatdırmışdır. Diplomat həmçinin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının bütün dünyada tanınmış ərazi bütövlüyü çərçivəsində həll olunacağına əmin olduqlarını söyləmiş, Azərbaycan rəhbərliyi tərəfindən bu istiqamətdə mühüm addımların atıldığını qeyd etmişlər.
Anma mərasimi Beynəlxalq Ədalət Məhkəməsinin qarşısında çoxsaylı toplantı şəklində davam etdirilmişdir. Burada holland ictimaiyyətinin nümayəndələri, azərbaycan və türk icmalarının yüzlərlə təmsilçisi, Niderlandda təhsil alan azərbaycan tələbələri, yerli qeyri-hökumət təşkilatlarının fəalları yığışaraq Xocalı faciəsinə dair şüarlar səsləndirmiş və hadisəyə aid plakatlar nümayiş etdirmişlər.
"Xocalıya ədalət" beynəlxalq kampaniyasının Niderland üzrə komitəsinin təşəbbüsü ilə kompaniyanın Hollandiya üzrə əlaqələndirici, Niderlandın Milli qəhrəmanı Gert van Dam tədbir iştirakçılarına Xocalı hadisələri haqqında danışmış, soyqırımı törədənlərin cəzalandırılmasına çağırmış, bu cür faciənin bir daha təkrarlandırılmasına dair addımların atılmasının vacibliyini vurğulamışlar. Bildirilmişdir ki, bu məqsədlərə nail olunması və faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə daha qətiyyətli şəkildə çatdırılmasına xanım Leyla Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən beynəlxalq kampaniya yeni, mahiyyətcə daha güclü təkan verəcəkdir.
Cənab Gert van Dam tədbirdə iştirak edən Sülh Sarayının direktoru cənab Stiven van Hoqstratena təmsil etdiyi təşkilat adından "Sülh Saraya" müraciət təqdim etmişdir. Bu sənəddə Niderland vətəndaşları faciəyə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi, mənəvi və insani qiymətləndirilməsinə və Xocalıda törədilmiş faciənin icraçıları və sifarişçilərinin cinayət məsuliyyətinə cəlb edilməsinə dair çağırışlar irəli sürülmüşdür.
Sənədi qəbul edən cənab Hostraten təqdim olunan məlumata görə təşəkkürünü bildirmiş, rəhbər etdiyi təşkilatın əməkdaşları tərəfindən sənədi yaxından nəzərdən keçirməyə vəd etmiş, Xocalı faciə haqqında məlumatı dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasını tövsiyə etmiş, cinayətlə bağlı Azərbaycan hökumətini beynəlxalq səviyyədə cinayəti törədənlərə qarşı qəti addımların atılmasına çağırmışdır.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyanın işçi qrupunun rəhbəri cənab Firudin Sadıqov öz çıxışında "Xocalıya ədalət" beynəlxalq kampaniyasının əhəmiyyətini xüsusi olaraq vurğulamış, Xocalı faciəsi haqqında həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərinin artırılmasının vacibliyini, Niderlandda yaşayan azərbaycan və türk diaspor təşkilatlarının bu işdə fəallığını yüksək qiymətləndirmişdir.
Cənab Sadıqov Sülh Sarayının rəhbərinə faciəni əks etdirən kitablar, broşürlər, disklər və digər təbliğat materialları təqdim etmişdir.
Qeyri-hökumət qurumda çalışan xanım Rita Solyaris faciəni törədən və hazırda Ermənistanda rəhbər vəzifələrdə işləyənlərin və o dövrlərdə Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən insanların bu əməllərinə görə tezliklə cəzalandırılmasını tələb etmiş, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı kampaniyaya hər bir kəsin qoşulmasının zəruri olduğunu bildirmişlər.
Keçirdiyi tədbir yerli və xarici mətbuat orqanları tərəfindən geniş işıqlandırılmış və nümayiş iştirakçılar KİV-nin təmsilçilərinə müsahibələr vermişlər.
Holland ictimaiyyətinin nümayəndələri Xocalı faciəsini törədənlərin cəzalandırılmasına çağırıblar
Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar fevralın 26-da Haaqada holland ictimaiyyətinin nümayəndələri, Hollandiyada akkreditə olunan diplomatik korpusunun əməkdaşları, azərbaycan və türk icmalarının yüzlərlə təmsilçisi, Niderlandda təhsil alan azərbaycan tələbələri və yerli qeyri-hökumət təşkilatlarının fəallarının iştirakı ilə anma mərasimi keçirilmişdir.
