Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir Y.Ostapenko/
Azərbaycanlı Lətif Hüseynov Avropa Şurasının İşgəncələr, qeyri-insani və alçaldıcı rəftar və cəzaların qarşısının alınması üzrə Komitəsinin rəhbəri seçilib. Trend-in məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti bazar ertəsi məlumat verib.
Hüseynov Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə professorudur, Azərbaycanı İşgəncələrə qarşı Komitədə təmsil edir, habelə Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə rəhbərlik edir.
İlk dəfə olaraq Azərbaycan nümayəndəsi Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinə başçılıq edəcək. Hüseynovun vəzifədə səlahiyyət müddəti iki il təşkil edəcək.
Komitə Avropa Şurasının bütün 47 ölkəsində bütün cəza yerlərinə (həbsxanalar və yeniyetmələr üçün cəza yerləri, polis məntəqələri, saxlanılan immiqrantlar üçün mərkəzlər və psixi xəsətəxanalar daxil olmaqla) qeyri-məhdud giriş hüququna malikdir. Komitə üzv ölkələrin məhbuslarla lazımi davranış qaydaları üzrə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir.
Komitənin birinci vitse-prezidenti vəzifəsinə Makedoniyadan Vladimir Ortakov, ikinci vitse-prezident vəzifəsinə Yunanıstandan Haritini Dipla seçilib. Komitənin hər üç üzvü onun bürosunu təşkil edir.
Son dörd il ərzində İşgəncələrə qarşı Komitəyə italiyalı Mauro Palma başçılıq edib. O, bu vəzifəyə yenidən seçilməyə çalışmayıb, çünki onun komitədə üzvlüyü cari ilin dekabrında başa çatır. Bu səbəbdən də İslandiya Baş nazirinin birinci müavini Petur Hauksson da yenidən seçilmək istəməyib.