...

Azərbaycan və İsveçrənin enerji sektorundakı əməkdaşlığı çox əhəmiyyətlidir - Prezident Mişelin Kalmi-Rey (FOTO)

Siyasət Materials 14 Mart 2011 22:24 (UTC +04:00)
Cənab Prezident, Bakıda mənə göstərilən qonaqpərvərliyə və dəvətinizə görə, Sizə minnətdarlığımı bildirirəm. Bu gün səhər keçirdiyimiz danışıqlar və apardığımız müzakirələr zamanı məmnunluqla qeyd etdim ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər əladır.
Azərbaycan və İsveçrənin enerji sektorundakı əməkdaşlığı çox əhəmiyyətlidir - Prezident Mişelin Kalmi-Rey (FOTO)

Cənab Prezident, Bakıda mənə göstərilən qonaqpərvərliyə və dəvətinizə görə, Sizə minnətdarlığımı bildirirəm. Bu gün səhər keçirdiyimiz danışıqlar və apardığımız müzakirələr zamanı məmnunluqla qeyd etdim ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər əladır. Həmin münasibətlər ikitərəfli əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək iradəsinə əsaslanır, bunu martın 14-də İsveçrə Prezidenti Mişelin Kalmi-Rey Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata verdiyi bəyanatda çıxışı zamanı deyib.

"Azərbaycan ilə İsveçrə arasında iqtisadi münasibətlər dinamik və yaxşıdır. 2010-cu ildə ölkələrimiz arasında ticarət olduqca müsbət dərəcədə artıb, lakin hesab edirəm ki, bu sahədə hələ də potensial vardır. Bu gün Azərbaycan İsveçrədə istehlak olunan xam nefti təchiz edən ən mühüm ölkələrdən biridir. Ticarət və birbaşa sərmayələr sahəsində artım üçün bir çox imkanlar vardır. Çünki İsveçrə xaricdə böyük investorlardan biridir. Fikrimcə, Azərbaycanda yeni sement zavodunun İsveçrənin "Holsim" qrupu tərəfindən tikintisi həmin sərmayələrin yaxşı nümunəsidir. Qeyd etməliyəm ki, bu sərmayə ölkənizin qeyri-neft sektoruna qoyulan ən böyük investisiyadır. Mənim üçün isə bu misal iqtisadi əlaqələrimizin inkişaf potensialını nümayiş etdirir" Mişelin Kalmi-Rey deyib, məlumatı Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.

İsveçrə Prezidentinin sözlərinə görə, hər iki ölkə beynəlxalq təşkilatlarda, "Bretton Woods" təsisatlarında tərəfdaşıq, eyni regional qrupdayıq, aramızda gözəl əməkdaşlıq vardır.

"Biz nəinki "Bretton Woods" təsisatlarında, o cümlədən Avropa Şurasında və ATƏT çərçivəsində əməkdaşlıq edirik. Bizim enerji sektorundakı əməkdaşlığımız çox əhəmiyyətlidir. Şadam ki, bu əməkdaşlıq bundan sonra da intensiv olacaqdır. 2007-ci ildə Azərbaycan ilə bağlanan anlaşma memorandumundan sonra ölkənizlə artan təmaslarımızdan çox məmnunuq. Qeyd etməliyəm ki, İsveçrə üçün Transadriatik layihəsi olduqca maraqlıdır. İsveçrənin İGEL şirkəti bu layihədə əsas iştirakçılardan biridir. İnanıram ki, Transadriatik layihəsi Azərbaycan və İsveçrənin ümumi maraqları naminə həyata keçiriləcəkdir.

Artıq 10 ildən çoxdur ki, İsveçrə Azərbaycan ilə əməkdaşlıq edir. Beynəlxalq maliyyə təsisatı ilə Azərbaycanın Mərkəzi Bankı, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi arasında makroiqtisadi sahədə imkanların qurulmasına texniki dəstək layihəsində İsveçrə şirkəti iştirak edir. Rəhbərlik etdiyim nazirliyin bir hissəsi olan İsveçrə Əməkdaşlıq və İnkişaf Agentliyinin həyata keçirilən müxtəlif əməkdaşlıq və yardım proqramları vardır. Naxçıvanda həyata keçirdiyimiz yardım layihələrindən biri ilə tanış olmaq üçün oraya səfər edəcəyəm. Bu layihə əslində 2002-ci ildə başlayıb. Buna görə də mən məmnuniyyətlə həmin layihə ilə tanış olardım. Suvarmaya aid bu layihənin məqsədi həmin bölgədə ənənəvi su mənbələrinin, yəni kəhrizlərin bərpasından ibarətdir. Biz də əvvəllər İsveçrədə bundan istifadə edirdik. Bu, mənim üçün çox vacibdir. Cənubi Qafqazda regional vəziyyətlə bağlı verdiyiniz məlumata görə çox minnətdaram.

İsveçrənin xarici siyasətinin prioritetlərindən biri münaqişələrin sülh yolu ilə həllidir. İsveçrə vasitəçidir, çünki biz neytral ölkəyik. Biz çalışırıq ki, vəziyyətə obyektiv yanaşaq. Regionunuzda olan problemlərin həllində Sizə irəliləyiş arzulayıram. Çox sağ olun." Xanım Mişelin Kalmi-Rey bəyanatının sonunda deyib.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi intetnet saytı

Xəbər lenti

Xəbər lenti