...

Azərbaycan BMT-yə hesabatında düzəlişlər etməsi barədə müraciət ünvanlayacaq

Siyasət Materials 16 Mart 2011 15:18 (UTC +04:00)
Azərbaycan Narkomanlığa və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası BMT-nin Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitəsinə dərc etdiyi hesabatda düzəlişlər etməsi barədə müraciət ünvanlayacaq.
Azərbaycan BMT-yə hesabatında düzəlişlər etməsi barədə müraciət ünvanlayacaq

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Narkomanlığa və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası BMT-nin Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitəsinə dərc etdiyi hesabatda düzəlişlər etməsi barədə müraciət ünvanlayacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Dövlət Komissiyasının 2010-cu il fəaliyyətinin yekunları ilə bağlı iclasında Baş nazirin müavini, Komissiyanın sədri Əli Həsənov bildirib.

"Təəssüf ki, Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitə öz hesabatında Ermənistan və Azərbaycanla bağlı məsələyə çoxşaxəli standartlardan yanaşır. Hesabatda qeyd olunur ki, Ermənistan bu sahədə BMT-nin 3 konvensiyasının icrasını yüksək səviyyədə həyata keçirir. Azərbaycan isə tranzit ölkə kimi göstərilir", - Həsənov qeyd edib.

Baş nazirin müavini bildirib ki, hesabatda Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın narkotik maddələr əkib-becərməsi, satışından külli miqdarda vəsait götürməsi barədə bir söz belə yazılmayıb.

"Dövlət Komissiyası o hesabata öz münasibətini bildirəcək, onun Azərbaycan və Ermənistanla bağlı hissəsini qeyri-obyektiv kimi qiymətləndirəcək və həmin hissəyə düzəlişlərin olunması ilə bağlı təkidlə çıxış edəcək", - Həsənov deyib.

Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iclasda çıxışında bildirib ki, BMT-nin hesabatına etirazlar bildirilməlidir və qeyd olunmalıdır ki, Azərbaycan tranzit ölkə deyil, Azərbaycandan tranzit ölkə kimi istifadə etmə cəhdləri var və bunların qarşısı uğurla alınır.

"Bu gün əgər narkotiklər bütün ölkələrdə mövcuddursa, demək bütün ölkələrin ərazisi tranzit kimi istifadə olunur. Azərbaycan ərazisinin tranzit kimi istifadə edilməsi cəhdləri mövcuddur. Bu səbəbdən hər il təxminən 2,5 ton narkotik vasitələr dövriyyədən çıxarılır", - Ələsgərov bildirib.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, Rusiya Federasiyası ilə mühüm əməliyyatlar həyata keçirilib və beynəlxalq narkotrafikin üzvü olan yüzlərlə cinayətkar ifşa olunub.

Xəbər lenti

Xəbər lenti